...

Azərbaycan – fransalı turistlər üçün yeni ekzotik məkan (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2016 14:32 (UTC +04:00)
Aprelin 14-də Parisdə fransalı turistlər üçün yeni və ekzotik məkan olan Azərbaycana həsr edilmiş tədbir keçirilib.
Azərbaycan – fransalı turistlər üçün yeni ekzotik məkan (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Parisdə fransalı turistlər üçün yeni və ekzotik məkan olan Azərbaycana həsr edilmiş tədbir keçirilib.

Tədbir "Nomade Aventure" səyahət agentliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi ilə əməkdaşlıq şəraitində təşkil edilib və Eyfel qülləsinin yaxınlığında yerləşən Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutub.

TEAS-dan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycana səfər etmək arzusunda olan 120-dən artıq potensial turist iştirak edib. Onlar Azərbaycan mədəniyyəti, tarixi və turizm imkanları haqqında müfəssəl məlumatlar əldə etmək istəyində olduqlarını vurğulayıblar. Məlumat xarakterli tədbirə "Nomade Aventure" agentliyinin ənənəvi partnyoru "Ukrayna Hava Yolları" dəstək verib. Təşkilatçılar Bakıya uçuş biletlərini lotereya vasitəsilə, "Qafqaz Bakı Sport" və "Qafqaz Point" hotelləri isə xoşbəxt uduş sahiblərinə iki gecəlik hoteldə qalmaq imkanı təklif ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Elmar Məmmədov turizmin inkişafı ölkəmiz üçün prioritet sahə olduğunu vurğulayaraq qeyd edib ki, "Nomade Aventure" agentliyi yeni turizm marşrutu kimi məhz Azərbaycanı seçilib.

Azərbaycanın turizm potensialı haqqında bəhs edən Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi və ölkəyə səfərlərlə bağlı bəzi praktiki məlumatlar verib. Vaxtilə Fransanın Azərbaycandakı səfirliyində çalışan tanınmış fransız bəstəkarı Pyer Tilloy ilk dəfə 2001-ci ildə səfər etdiyi ölkə ilə bağlı təəssüratlarını bölüşüb. O, böyük həvəslə ləziz Azərbaycan mətbəxinin şöhrəti haqqında söz açaraq heyrətamiz yeməklərimizdən dadmaq üçün hansı ünvanlara üz tutmağı tövsiyə edib. "Xocalı 613" əsərinin müəllifi daha sonra ölkəmizin tarixi yerləri, əsrarəngiz təbiəti, təbiət guşələri, turistik marşrutları haqqında məlumat verib.

Azərbaycanın turizm imkanlarının təqdimatından sonra Mədəniyyət Mərkəzində təşkil olunan sərgiyə baxış keçirilib. Burada iştirakçılar artefaktlar və Azərbaycan rəssamlarının işləri vasitəsi ilə ölkənin mədəniyyət inciləri ilə tanış olublar. Daha sonra auditoriya qarşısında pianoçu Etibar Əsədli və balabançı Səddam Novruzbəyli konsert proqramı ilə çıxış ediblər. Konsert və lotereya oyunundan sonra iştirakçılara ənənəvi Azərbaycan paxlavası və şəkərburadan, sağlam və enerji verən nar şirəsinə dadmaq təklif olunub.

Təşkilatçılar məmnuniyyətlə qeyd ediblər ki, artıq bir neçə iştirakçı Azərbaycana səfərlərinin təşkil olunmasını istədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti