...

Türkiyə nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2016 19:03 (UTC +04:00)
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə tanış olub.
Türkiyə nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə tanış olub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi tərkibinə Ali Məhkəmənin Baş prokuroru Mehmet Akarca və digər məsul əməkdaşların daxil olduğu nümayəndə heyəti aprelin 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralov qonaqları salamlayaraq Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verildiyini diqqətə çatdıran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə iki ölkə prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd edib.

Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olublar.

Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən İ.Cirit ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirib.

Görüş zamanı qonaqlara korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar, habelə digər ölkələrin müvafiq qurumları ilə yaradılmış işgüzar münasibətlər barədə məlumat verilib, görülmüş işlər böyük marağa səbəb olduğundan gələcəkdə əməkdaşlığın daha sıx aparılmasına dair fikir mübadiləsi aparılıb.

Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti