...

Terror hadisələri Azərbaycandan Türkiyəyə gedən turistlərin sayına təsir etməyəcək

Cəmiyyət Materials 22 Aprel 2016 12:30 (UTC +04:00)
"Türkiyədə bu il ərzində baş verən terror aktları ilə əlaqədar olaraq, Azərbaycandan ölkəmizə yay ayları ərzində gedən turistlərin sayının azalacağı gözlənilmir".
Terror hadisələri Azərbaycandan Türkiyəyə gedən turistlərin sayına təsir etməyəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

"Türkiyədə bu il ərzində baş verən terror aktları ilə əlaqədar olaraq, Azərbaycandan ölkəmizə yay ayları ərzində gedən turistlərin sayının azalacağı gözlənilmir". Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Türkiyə hər zaman dünyanın ən önəmli turizm mərkəzlərindən biri olmaqda davam edəcək: "Təəssüf olsun ki, bu gün dünyanın hər yeri terror təhlükəsi ilə üz-üzədir. Türkiyə azərbaycanlı qardaşlarımızın hər zamankı kimi öz ölkəsidir".

Terrrorizmin dünyanı təhdid edən ən başlıca problem olduğunu deyən İ.A.Coşqun əlavə edib ki, terrorizm sadəcə Türkiyəni hədəfə almır: "Çox təəssüf ki, son bir necə ay ərzində İstanbulda və Ankarada terror hadisələri baş verdi. Terrorçuların Türkiyəni hədəfə alması əsas müzakirə olunan mövzu oldu. Ancaq bu hadisələr sadəcə Türkiyədə baş vermir. Bu hadisələr Belçikada da, Fransada da, Afrikada da, Pakistanda da olur. Bu, dünyanın çox acı bir gerçəyidir. Bundan dərs almaq üçün hər bir dövlət terrora qarşı mübarizə aparmalıdır. Türkiyədə, Pakistanda və digər yerlərdə "terror təhdidi mənə toxunmaz", "yaxşı və pis terrorçu" müzakirə mövzusu deyil. Bu bəla ilə mübarizə aparmaq üçün hər birimiz qərarlı olmaq məcburiyyətindəyik. Bunu anlamamaq mümkün deyil. Avropada terror fəaliyyəti ilə məşğul olmayan, lakin bütün maliyyə qaynaqlarını Avropanın fərqli ölkələrindən alan, iş yerlərindən zorla pul toplayaraq bu pulları terror fəaliyyətlərinə yönəldən mənbələri qurutmalıyıq".

Səfir əlavə edib ki, PKK-nın bütün maliyyə qaynaqları Türkiyə hüdudlarından kənardadır: "Dünyanın bu faktla mübarizə aparması lazımdır. Türkiyə uzun müddətdir ki, buna qarşı iradəli bir şəkildə mübarizə aparır. Terrorçuların əsas məqsədi vətəndaşların rifahına zərər vurmaqdır. Bizim buna heç bir halda izn verməyimiz mümkün deyil".

Diplomat deyib ki, Türkiyə ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün bunlara qarşı tədbirlər görəcək.

Xatırladaq ki, Türkiyə azərbaycanlı turistlərin səfər etdikləri ölkələr sırasında ilk yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti