...

Bakı Marafonu 2016-nın kişilər arasında qalibi Namiq Əsədov, qadınlar arasında isə Rahidə Aslanova olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 May 2016 13:07 (UTC +04:00)
Bakı Marafonu 2016-da kişilər arasında finiş xəttini birinci Namiq Əsədov keçib.
Bakı Marafonu 2016-nın kişilər arasında qalibi Namiq Əsədov, qadınlar arasında isə Rahidə Aslanova olub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı Marafonu 2016-da kişilər arasında finiş xəttini birinci Namiq Əsədov keçib. İkinci yeri Gürcüstan təmsilçisi Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri Rəqsanə Rəcəbli tutub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 5000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti