...

Heydər Əliyev ideyalarına sədaqət YAP-ın nüfuzunu daha da artırır (FOTO)

Cəmiyyət Materials 5 May 2016 16:49 (UTC +04:00)
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Neon” yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib.
Heydər Əliyev ideyalarına sədaqət YAP-ın nüfuzunu daha da artırır (FOTO)

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının "Neon" yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan, zamanın təxirəsalınmaz tələblərindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandığını deyib. Vurğulanıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası respublikamızın daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, rayon təşkilatı Şurasının üzvü Aidə Bayramova, Əkbər Miskinov, Heydər Rəhimov və başqaları bildiriblər ki, partiya yarandığı gündən onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 670 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib.

Sonra təşkilati məsələlərə baxılıb, Hüsniyar Davudov yeni təsis edilən ərazi ilk partiya təşkilatının sədri və Mirzə Nəsirov sədr müavini, həmçinin İdarə Heyəti, Gənclər Birliyinin və Qadınlar Şurasının sədrləri seçilib.

Çıxış edən YAP Nizami rayon təşkilatı "Neon" yeni ərazi ilk partiya təşkilatının sədri Hüsniyar Davudov deyib ki, sözlə əməlin birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.

Sonda partiyaya daxil olmuş bir qrup şəxsə vəsiqələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti