...

Boşanmadan sonra uşağın hansı valideynin yanında qalması ilə bağlı dəyişiklik təklif edilir

Cəmiyyət Materials 6 May 2016 10:49 (UTC +04:00)
Azərbaycanda boşanmadan sonra uşaqların hansı valideynin yanında qalması ilə bağlı dəyişiklik təklif edilir.
Boşanmadan sonra uşağın hansı valideynin yanında qalması ilə bağlı dəyişiklik təklif edilir

Bakı. Trend:

Azərbaycanda boşanmadan sonra uşaqların hansı valideynin yanında qalması ilə bağlı dəyişiklik təklif edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, eləcə də Gənclər və idman komitələrinin bu günkü birgə iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir. Dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir.

Məcəlləyə təklif edilən digər dəyişikliyə görə məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Digər dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır.

Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti