...

Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 6 May 2016 20:41 (UTC +04:00)
Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub
Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin (DSK) təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Mayın 6-da Dövlət Statistika Komitəsində baş tutan növbəti belə tədbir - ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunub.

DSK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qeyd etdi ki, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Artıq aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. Ulu öndər xalqa, vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə əvəzsiz örnək olan dahi şəxsiyyətdir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Ulu öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisidir.Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Komitə sədri vurğulayıb ki,bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyərək vədini real işlərlə bütün dünyaya göstərib. Ölkəmizin hərtərəfli inkişaf etdirilməsi, xalqımızın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması nəticəsində dövlətimizə və xalqımıza olan maraq daha da artıb. Bu marağın artmasında Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsilin inkişafı, mədəniyyətimizin təbliği istiqamətində reallaşdırdığı layihələrlə yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

T.Budaqov xüsusi vurğulayib ki, Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur. Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovun çıxışı da dinlənilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub, Komitənin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul edilib.

DSK gəncləri arasında keçirilən "Heydər Əliyev-93" adlı mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri də mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti