...

Pilotsuz uçan aparatlar Azərbaycanda nə üçün istifadə edilə bilər?

Cəmiyyət Materials 16 May 2016 12:43 (UTC +04:00)
Ekspertlər pilotsuz uçan aparatların Azərbaycanda mülki dövriyyədə olmasını müsbət və ehtiyac olan hal kimi dəyərləndirir.
Pilotsuz uçan aparatlar Azərbaycanda nə üçün istifadə edilə bilər?

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin mayın 17-də keçiriləcək növbəti plenar iclasında müzakirə edilməsi nəzərdə tutulan "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna dəyişiklikdə məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mulki dövriyyədə olması ilə bağlı məsələ öz əksini tapıb.

Ekspertlər pilotsuz uçan aparatların Azərbaycanda mülki dövriyyədə olmasını müsbət və ehtiyac olan hal kimi dəyərləndirirlər.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, pilotsuz uçan aparatlar dünyada mülki dövriyyədə geniş istifadə edilir.

Ü.Cəfərov Trend-ə bildirib ki, sadəcə, pilotsuz uçan aparatlar Azərbaycanda indiyə qədər mülki dövriyyədə istifadə olunmadığı üçün bu məsələ bir qədər qəribə qarşılanır: "Bu aparatlar daha çox hərbi təyinatlı olduğuna görə, istifadəsi bəzən sual doğurur. Bu, normal bir haldır. Dünyanın bir çox ölkələrində bu aparatlardan mülki həyatda geniş istifadə olunur. Məsələn, kənd təsərrüfatı, yol təhlükəsizliyi və digər bir çox sahələrdə bu aparatlardan istifadə olunur. Daha çox açıq sahələrdə işlər həyata keçirən qurumlar tərəfindən bu aparatlardan istifadə edilir. Azərbaycanda da Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və digər qurumlar bu aparatlardan müəyyən məqsədlər üçün istifadə edə bilər. Bu, çox xeyir gətirəcək bir sahədir və mütləq istifadə etmək lazımdır".

Ü.Cəfərov qeyd edib ki, Azərbaycan özü bu aparatları istehsal edə bilər: "Müdafə Sənayesi Nazirliyi 700-ə qədər adda məhsullar istehsal edir. Onların içərisində mülki təyinatlı məhsullar da var. Bu baxımdan pilotsuz uçan aparatlar da asanlıqla istehsal edilə bilər".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da pilotsuz uçan aparatların Azərbaycanda mülki dövriyyədə istifadəsinə ehtiyac olduğunu söyləyib.

O Trend-ə bildirib ki, qanuna təklif edilən dəyişiklik ilk növbədə pilotsuz uçan aparatların Azərbaycanda istifadəsi ilə bağlı məsələyə hüquqi aydınlıq gətirir: "Hazırda qüvvədə olan qanunvericilikdə həmin aparatların necə istifadə olunması müəyyən edilmir. Lakin təklif qəbul edilərsə, məsələ hüquqi baxımdan tam aydın olacaq".

Ə.Hüseynov vurğulayıb ki, bu aparatlardan mülki həyatda bir çox sahələrdə istifadə etmək mümkündür: "Tutaq ki, insanın daxil olacağı yer təhlükəlidir, məsələn, bu aparatlar yanğın zonasının üzərindən uçub informasiya ötürə bilər və ya insan həyatı üçün digər təhlükəli yerlərdə informasiya toplaya bilər".

Ekspert deyib ki, bu aparatlar özəl şirkətlər tərəfindən, o cümlədən kənd təsərrüfatında istifadə oluna bilər: "Hər hansı bir şirkətin və ya şəxsin böyük əkin və ya otlaq sahələri varsa, o aparatdan birini əldə etməklə həmin ərazilərdə yanğın və ya digər təhlükəli halların olmasına nəzarət edilə bilər. Yaxud müvafiq dövlət qurumu tərəfindən meşələrə, qoruqlara nəzarət etmək üçün istifadə oluna bilər. Digər sahələrdə də bu aparatların istifadəsi çox faydalı ola bilər. Bu aparatların istifadəsinə ehtiyac var və getdikcə bu ehtiyac daha da artacaq".

Ə.Heseynov bildirib ki, gələcəkdə bu aparatlardan qısa məsafələrə yüngül çəkili yüklərin daşınması da mümkün ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti