...

DBNX ölkə ərazisində qida zəhərlənmələrindən qorunması istiqamətində tədbirləri davam etdirir

Cəmiyyət Materials 18 May 2016 05:35 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarəti tədbirləri davam etdirir
DBNX ölkə ərazisində qida zəhərlənmələrindən qorunması istiqamətində tədbirləri davam etdirir

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarəti tədbirləri davam etdirir.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə may ayının 14-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları reyd keçiriblər. Baytarlıq nəzarəti məqsədi ilə aparılan reyd zamanı Montində yerləşən "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasında olan heyvan cəmdəklərindən 6 ədəd hissəyə bölünmüş (şaqqa) heyvan ətinin orqanoleptik göstəriciləri şübhə doğurmuşdur. Şübhəli ətlərdən baytarlıq mütəxəssislərinin nəzarəti altında nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasından götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinə zamanı isə həmin ət nümunələrinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Baytarlıq nəzarəti məqsədi ilə aparılan reyd həm də Nəsimi rayonunun ərazisində yerləşən "Təzə Bazar" MMC-nin ət qəbulu məntəqəsində aparılıb.

Reyd zamanı "Təzə Bazar" MMC-nin ət qəbulu məntəqəsində Salyan rayonundan paytaxta satış məqsədi ilə, "Ford Transit" 90MG171 dövlət nömrə nişanlı yük avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, üst-üstə yığılmış vəziyyətə, antisanitar şəraitdə, temperatur rejimi gözlənilmədən gətirilən 7 (yeddi) baş iribuynuzlu heyvan cəmdəkləri aşkar edilib.

Ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, Nəsimi rayonu "Təzə Bazar" MMC-nin ət qəbulu məntəqəsində aşkarlanan heyvan cəmdəklərində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinə zamanı isə heyvan cəmdəklərinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun olaraq həm Salyan rayonundan gətirilən, həm də "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasında aşkarlanan keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olan heyvan ətləri baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti