...

Azərbaycanla Rusiyanın əmək və məşğulluq sahəsindəki qurumları arasında təcrübə mübadiləsi başlayıb (FOTO)

Cəmiyyət Materials 25 May 2016 11:47 (UTC +04:00)
Rusiyanın Əmək və Məşğulluq Federal Xidməti əmək münasibətlərinin elektron qeydiyyat sistemi sahəsində Azərbaycanın təcrübəsini öyrənir.
Azərbaycanla Rusiyanın əmək və məşğulluq sahəsindəki qurumları arasında təcrübə mübadiləsi başlayıb (FOTO)

Bakı. Trend:

Rusiyanın Əmək və Məşğulluq Federal Xidməti əmək münasibətlərinin elektron qeydiyyat sistemi sahəsində Azərbaycanın təcrübəsini öyrənir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfərdə məqsəd Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübəni öyrənmək, habelə öz fəaliyyət sahələrində malik olduğu təcrübəni bölüşməkdir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə keçirilən görüşdə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik və dinamik inkişafın təmin edildiyi Azərbaycanın eyni zamanda Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun əmək siyasətinə malik olduğunu diqqətə çatdırıb.

F.Əlizadə ölkəmizdə əmək hüquqlarının müdafiəsinin də dövlətin sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb, Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, əməyin mühafizəsinin təmini sahəsində də məqsədyönlü işlərin aparıldığını, müsbət nəticələrdən biri kimi, ötən il ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayının 45,5 faiz, xəsarət alanların sayının isə 40 faiz azaldığını bildirib.

Əmək və sosial müdafiə sisteminin əhali üçün bütün aktual sahələrinin müasir elektron texnologiyalar üzərində qurulduğunu vurğulayan F.Əlizadə eyni zamanda artıq iki ilə yaxındır ki, ölkəmizdə əmək müqavilələrinin elektron qeydiyyat sisteminin fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "Beynəlxalq səviyyədə də Azərbaycanın qabaqcıl təcrübəsi kimi yüksək dəyərləndirilən həmin sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, bu münasibətlərin dəqiq və əhatəli uçotunun aparılmasına, əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etməyə imkan verir. Ölkənin bütün muzdla çalışan əhalisini əhatə edən əmək müqavilələrinin elektron qeydiyyat sistemi həmin işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün də etibarlı hüquqi əsas formalaşdırır. Cari ilin 01 may tarixinədək bu sistemdən 5 milyon 232 min dəfədən çox istifadə edilib".

F.Əlizadə bu gün müvafiq iş sahələrində fəaliyyətin təkmilləşdirilməsində ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlıq çərçivəsində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb: "Rusiyanın Əmək və Məşğulluq Federal Xidməti ilə də fəaliyyət sahələri üzrə təcrübənin paylaşılması bizim üçün əhəmiyyətlidir. Xidmətin nümayəndə heyətinin bu səfəri də qarşılıqlı təqdimatlar əsasında səmərəli təcrübə mübadiləsinin aparılmasına şərait yaradıb ki, bu da hər iki tərəf üçün faydalıdır".

Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəis müavini İvan Şkloves son illərdə Azərbaycanda əmək və sosial müdafiə sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması məqsədilə aparılan islahatları maraqla izlədiklərini vurğulayıb. O, əmək, əmək münasibətlərinin elektron qeydiyyatı, məşğulluq, işsizliyin azaldılması, aktiv məşğulluq tədbirləri və digər müvafiq sahələrdə ölkəmizlə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Tədbir təqdimatlarla davam edib. Əvvəlcə əmək müqavilələrinin elektron qeydiyyat sistemi, onun texniki infrastrukturu, proqram təminatları, iş prinsipləri barədə ətraflı məlumatlar verilib. Hər bir bağlanan əmək müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq bildiriş formalarında "Elektron hökumət" portalı üzərindən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi proseduru əyani şəkildə nümayiş etdirilib.

Daha sonra Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin əməkdaşları Aleksandr Utolin, Olqa Korçemkina və Aleksandr Pimenov Xidmətin fəaliyyəti, habelə əməyin mühafizəsi sahəsində nəzarət və idarəetmə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Tədbirdə hər iki ölkədə əhalinin məşğulluğu və işsizliyin azaldılması, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, vakansiyaların monitorinqi və s. sahələrdə görülən işlər barədə də məlumat mübadilələri aparılıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin və Səbail rayon Məşğulluq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti