...

Ortaq türk tarixinin yazılmasına az qaldı, amma...

Cəmiyyət Materials 27 May 2016 09:01 (UTC +04:00)
Ortaq türk tarixinin yazılması olduqca mühüm və əhəmiyyətlidir, amma bu işin müəyyən çətinlikləri də var.
Ortaq türk tarixinin yazılmasına az qaldı, amma...

Bakı. İlhamə İsabalayeva - Trend:

Ortaq türk tarixinin yazılması olduqca mühüm və əhəmiyyətlidir, amma bu işin müəyyən çətinlikləri də var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Y.Mahmudov qeyd edib ki, ortaq türk tarixini yazmaq üçün türk tarixində ortaq olmayan, narazılıq doğuran bir sıra məsələlər həll olunmalıdır. Buna görə də Tarix İnstitutu türk dünyasının məşhur şəxsiyyətləri və tarixdəki türk dövlətləri haqqında iki kitab (hər biri haqqında bir kitab) hazırlamaq qərarına gəlib.

Y.Mahmudov hesab edir ki, hazırladıqları iki yeni kitab türk dünyasının məşhur şəxsiyyətləri və tarixdəki türk dövlətləri ilə bağlı mübahisə doğuran məsələlərə aydınlıq gətirəcək: "Bu iki kitabın nəşrinə hazırlıq başa çatmaq üzrədir. Artıq ilk materiallar hazırdır. Biz Atatürk Araşdırmalar Mərkəzi və türk tarixçiləri ilə müntəzəm əlaqə saxlayırıq. Hər iki tərəf - həm Azərbaycan, həm də Türkiyə tarixçiləri həmin materialları oxuyacaq, daha sonra redaktə edib ümumi məxrəcə gələcəyik. Şübhəsiz ki, bu kitablarla bütün mübahisəli məsələləri aradan qaldıracağıq".

Tarixçi bildirib ki, türk dünyasının məşhur şəxsiyyətləri və tarixdəki türk dövlətləri ilə bağlı kitablar nəşr olunduqdan sonra ortaq türk dünyasının tarixinin yazılmasına başlanacaq: "Ortaq türk tarixinin yazılmasında Azərbaycan, Türkiyə tarixçiləri, o cümlədən Özbəkistan və Şimali Qafqazdan olan tarixçilər, bir sözlə, dünyanın məşhur türk tarixçiləri iştirak edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti