...

Şagirdlər 30 ağacı kəsilməkdən xilas etdilər (FOTO)

Cəmiyyət Materials 28 May 2016 14:40 (UTC +04:00)
“Təmiz Şəhər” ASC “Kaspi” liseyində ən çox maklatura toplayan sinifin şagirdlərini mükafatlandırdı.
Şagirdlər 30 ağacı kəsilməkdən xilas etdilər (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC-nin "Kaspi" liseyinin Bakıxanov filialında təşkil etdiyi maklatura toplama müsabiqəsi yekunlaşıb. 10 günə 150 kq istifadə edilmiş lazımsız kağız yığan 7C sinfi liseyin qalibi olub.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə məktəbdən 1500 kq-dan çox maklatura toplanaraq təkrar emala qazandırılması üçün "Təmiz Şəhər"ə təhvil verilib.

Liseydən 10 gün ərzində toplanmış ümumi maklatura ilə təkrar emal zamanı hazırlanan kağız miqdarı 30 ağacın kəsilməsi ilə əldə edilən kağıza bərabərdir. Bu o deməkdir ki, "Kaspi" şagirdləri bu müsabiqə ilə yalnız 10 gündə 30 ağacı kəsilməkdən xilas ediblər.

Səhmdar cəmiyyət şagirdlər arasında kağız israfının azaldılması, lazımsız kağızlarla rəftar mədəniyyətini aşılmaq, təkrar emal sahəsini öyrətmək məqsədi ilə yarış təşkil etmişdi. Müsabiqənin şərtinə görə 17-27 may tarixlərində şagirdlər liseydə və evdə istifadə edilmiş lazımsız kağız və karton məmulatlarını məktəbə gətirərək "Təmiz Şəhər"in burada yerləşdirdiyi xüsusi tullantı qutularına atacaqdılar. Hər sinifin təhvil verdiyi kağız tullantının miqdarı ölçülürdü. Nəticədə qoyulan müddət ərzində ən çox maklatura təhvil verən sinif qalib elan olundu və şagirdlər ASC tərəfindən mükafatlandırıldı.

"Kaspi" liseyi ilə "Təmiz Şəhər" ASC ötən il əməkdaşlığa başlayıb. Səhmdar cəmiyyət liseyin filiallarında xüsusi tullantı qutuları yerləşdirib və şagirdlərin tullantılarını təkrar emala qazandırır. Həmçinin ASC mütəxəssisləri uşaqlar üçün xüsusi dərslər keçir, onlar qurumun tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına turlara aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti