...

Azərbaycanda yenilik - İmtahanlara İctimai Şura nəzarət edəcək

Cəmiyyət Materials 31 May 2016 17:39 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İctimai Nəzarət Şurası” yaradılıb.
Azərbaycanda yenilik - İmtahanlara İctimai Şura nəzarət edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC İctimai Nəzarət Şurası" yaradılıb. İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, UNEC-də təşkil olunan 2015/2016-cı tədris ilininyaz semestrinin imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirəcək.

İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər.

Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.

İmtahan dövründə universitetin qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də şuraya həvalə ediləcək. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaqlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.

"UNEC İctimai Nəzarət Şurası"na "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva daxildir. Mayın 31-də üzvlərlə görüşən rektor,professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasının yaradılması UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməyə xidmət edəcək.

Ə.Muradov, monitorinqlər zamanı gördüklərini olduğu kimi ictimaiyyətə çatdırılmasını Şura üzvlərindən xahiş edib. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır.

Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir.

Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti