...

"Formula-1" qonaqları üçün Bakı bulvarında unikal səyahət (FOTOREPORTAJ)

Cəmiyyət Materials 7 İyun 2016 13:06 (UTC +04:00)
Bakıda təşkil ediləcək "Formula-1" yarışlarının əsas traslarından biri Dənizkənarı Milli Parkı boyunca keçiriləcək.
"Formula-1" qonaqları üçün Bakı bulvarında unikal səyahət (FOTOREPORTAJ)

Bakı. Vüqar İmanov - Trend:

Bakıda təşkil ediləcək "Formula-1" yarışlarının əsas traslarından biri Dənizkənarı Milli Parkı boyunca keçiriləcək.

Trend-in məlumatına görə, Bakı bulvarının qarşısında əsas tribunlar və pit-bina (F1-in 11 komandasının 22 qarajı və paddok-klub), eləcə də yarışa nəzarət qülləsi, Beynəlxalq Avtomobil Federasiyasının, "Formula-1" rəhbərliyinin, "Baku City Circuit" şirkətinin ofislərinin məkanları və digər obyektlər yerləşir.

Bakı bulvarında artıq fan-zona açılıb. Burada hər bir şəxs özünü bolid pilotu hiss edə, yarışlar barədə məlumat ala və biletlər əldə edə bilər. Həftə sonunda keçiriləcək yarışın tamaşaçıları üçün əyləncə zonası açılacaq.

Bulvarda hara getmək və nəyə baxmaq olar?

Dənizkənarı Milli Parkın yüksək nöqtəsi Dövlət Bayrağı Meydanıdır. Burada quraşdırılan bayraq dayağı ən yüksək bayraq dayağı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu isə 70 metrdir. Konstruksiyanın ümumi çəkisi 220 tondur.

Meydanda Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Muzeyin binası səkkiz guşəli ulduz formasındadır. Dövlət bayrağının postamentində qızıl suyuna salınmış bürüncdən hazırlanmış Azərbaycanın dövlət simvolları həkk olunub.

Yaxınlıqda "Eurovision-2012" üçün xüsusi tikilmiş möhtəşəm "Baku Crystal Hall" kompleksini görə bilərsiniz. Kompleksin tutumu 23 min nəfərdən çoxdur. Burada beynəlxalq mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş idman konsert kompleksi var.

Burada, həmçinin unikal Daş Salnamə Muzeyi yerləşir. Muzeydə Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş, eləcə də "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş daş plastikanın bir çox növləri sərgilənir.

Yaxınlıqda XXI əsrin daha bir möhtəşəm əsəri - YARAT müasir incəsənət mərkəzi yerləşir. Burada ekspozisiyalar təşkil edilir, rəssamların, yazıçıların, musiqiçilərin, araşdırmaçıların və digərlərinin gecələri keçirilir.

Gənclər üçün nəzərdə tutulmuş "Elektra Events Hall"da konsertlər keçirilir, ailəvi istirahət üçün isə bir sıra yaşıl kafelər var.

Gənclər və yeniyetmələr üçün, həmçinin Velopark da yaradılıb. Burada velosipedləri kirayəyə götürmək olar. Bundan başqa, çoxlu trenajorların olduğu pulsuz idman meydançası fəaliyyət göstərir.

Bakı bulvarında bir çox maraqlı qurğu var: 75 metrlik paraşüt qülləsi, panorama çarxı, müxtəlif rəngli fonarlar.

Yeni Xalçaçılıq Muzeyində unikal və nadir ekspozisiyalar, milli geyimlər, Azərbaycan Qızıl Fondunun zərgərlik bəzək əşyaları təqdim olunub.

Möhtəşəm Beynəlxalq Muğam Mərkəzi ... Azərbaycan muğam sənəti 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilib.

Həmçinin, "Kiçik Venesiya" kanallar kompleksinə baxmaq olar. Burada qondolada gəzmək mümkündür.

Yaxta klubunu və katerlər üçün körpünü də unutmaq olmaz. Bakı buxtası üzrə katerdə gəzməklə bütün sahil boyuna baxa bilərsiniz.

Sahil boyunca Dəniz vağzalı tərəfə getsəniz, kaktuslar xiyabanını görə bilərsiniz. Xiyabanın ortasında bütün növ kaktusların bitdiyi sahə ayrılıb və mühafizə edilir.

Buxta balıqsevərlərin sevib seçdiyi yerlərdən biridir. Burada hər bir qazonda heyvanların gəzməsini qadağan edən lövhə olmadığına görə, axşam saatlarında sahibinin arxasınca addımlayan xeyli sayda dördayaqlı görmək olar.

Əlbəttə ki, xeyli sayda kafe və restoranlar da var. Bulvar üzrə ekskursiya zamanı həmin məkanlarda xoş istirahət etmək mümkündür.

Bakıda "Formula-1" Avropa Qran-prisi iyunun 17-19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti