...

Azərbaycanda tədris ilinin müddəti yenidən uzadıla bilər?

Cəmiyyət Materials 10 İyun 2016 16:45 (UTC +04:00)
Ölkədə dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.
Azərbaycanda tədris ilinin müddəti yenidən uzadıla bilər?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda tədris ilinin müddətinin yenidən uzadılması məsələsinə baxılmır. Bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla 2015-2016-cı dərs ilindən etibarən ölkədə dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

İnkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayının 37 və daha artıq olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılmasıdır. Belə ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi.

İyunda hava şəraitinin isti olması ilə əlaqədar dərslərin sentyabrın 1-dən başlanılması məsələsinə gəldikdə, C.Valehov deyib ki, iyunun 1-dən 15-dək olan hava şəraiti ilə sentyabrın 1-dən 15-dək olan hava şəraiti demək olar ki, eynidir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilmiş məlumata görə, son 10 ildə aparılmış müşahidələrin nəticələri göstərir ki, respublika ərazisində iyun ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 22,40C, mütləq maksimum temperaturu 38,30C, mütləq minimum temperaturu 11,00C, sentyabr ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 21,90C, mütləq maksimum temperaturu 38,00C, mütləq minimum temperaturu 9,40C olmuşdur. Göründüyü kimi, həmin ayların temperatur göstəricələri demək olar ki, eynidir".

Təhsil eksperti Yuliya Kərimova Trend-ə bildirib ki, yay tətilinin bir qədər qısa olması heç bir şagirdə zərər gətirməz: "Son zamanlarda valideynlər və müxtəlif ictimai qruplar tərəfindən tədris ilinin uzadılması ilə bağlı bir çox fikirlər səsləndirilir. Etiraz edənlərin əsas arqumenti havaların isti keçməsidir. Onlar bildirirlər ki, hava şəraiti tələb edir ki, iyun ayından başlayaraq, uşaqlar artıq məktəbə gəlməsinlər. Sözsüz ki, Təhsil Nazirliyi belə ciddi dəyişiklik təqdim etməzdən qabaq bu məsələni araşdırıb, səlahiyyətli qurumların rəyin öyrənib".

Y.Kərimova qeyd edib ki, dünya təhsil sistemlərinə nəzər saldıqda müxtəlif ölkələrdə tədris ilinin strukturunun fərqli olduğu, yay tətillərinin müddətinin yay dövrünə uyğun olmadığı görünür: "Məsələn, Almaniyada şagirdlərə verilən yay tətili 6 həftədir. Bu qısa tətil tədris ili ərzində kompensasiya olunur. Belə ki, payız, qış və yaz tətilləri kifayət qədər uzundur. Avstriyada isə tədris ili sentyabrın ilk bazar ertəsi başlanır, iyun ayının sonuncu cümə günü isə bitir. Böyük Britaniya məktəblərində yay tətili 6-9 həftədir. Tədris ili 3 trimestrə (üçaylıq dövr) bölünür və hər bir trimestr arasında eynimüddətli tətil verilir. Bundan başqa, tədris ili 195 gün müəyyən olunub. Özəl məktəblərdə isə bu müddət 175 gün də ola bilər. Şimali İrlandiyada tədris ili sentyabrın əvvəlindən başlayıb, iyulun ortalarına kimi uzanır".

Onun sözlərinə görə, Yaponiyada da məktəblilərə verilən tətillər tədris ili daxilində bölüşdürülür: "Yaponiyada tədris ili 200 gündür. Tədris ili 3 trimestrə bölünür. 1-ci trimestr aprelin 1-də başlayır və iyulun sonunda bitir. Bundan sonra şagirdlərə 6 həftəlik tətil verilir. Çox isti olmayan vilayətlərdə həmin tətilin müddəti 4 həftədir. 2-ci trimestr sentyabr-dekabr aylarını əhatə edir. Sonra 2 həftəlik tətil verilir. 3-cü trimestr isə yanvar-mart aylarını əhatə edir. Bundan sonra da 1 həftəlik tətil verilir və yeni tədris ili başlayır. Cənubi Koreyada isə tədris ili martın 2-də başlayır və iyulun ortalarına kimi uzanır. Yay tətilləri iyulun ortasından avqustun sonuna kimidir. 2-ci semestr avqustun sonunda başlayır və fevralın sonuna kimi uzanır. Dekabrın sonundan yanvarın sonuna kimi yeni il tətili verilir. Fevralda 2 həftə tədris, 2 həftə isə tətil günləridir. Martda yeni tədris ili başlayır. Finlandiyada tədris ili avqustun ortasında başlayır və iyunun əvvəlində bitir. ABŞ-da isə ştatlara görə tətil günləri fərqlidir. Amma ümumi yanaşma belədir ki, məktəblərdə tədris ili avqustun sonunda başlayır, iyunun ortalarında bitir. Universitetlərdə isə tədris ili avqustun son həftəsi və ya sentyabrın ilk həftəsi başlayıb, may ayının əvvəli bitir. Daha sonra imtahanlar başlayır".

Y.Kərimovanın sözlərinə görə, yay tətillərinin uzun olması və tədris ili ərzində qısamüddətli tətillərin verilməsi sistemi yalnız postsovet ölkələrində tətbiq olunur. O, bunun mümkün səbəblərini belə izah etdi: "Bəzi tədqiqatçılar deyir ki, sənaye dövründə uzun yay tətilinin olması aqrar dövründən gələn tendensiyadır. Çünki kollektiv aqrar təsərrüfat dövründə uşaqlar tarlalarda işləyən valideynlərinə kömək edirdilər. Ona görə dövlət tərəfindən qurulan təhsil sistemini buna uyğunlaşdırmağa çalışırdılar. Sənaye əsrində isə bu yanaşma bir qədər dəyişib. Artıq sənaye ölkələri tədris ilində şagirdlərə veriləcək tətillərin bərabər bölünməsinə üstünlük verirlər. Məsələn, yeni nümunə Qazaxıstandan gəlir: bu ildən başlayaraq, bu ölkədə tədris ili 10 iyuna qədər uzadılıb. ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti