...

Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 2,5 milyard manatdan çox vəsait ayırıb

Cəmiyyət Materials 20 İyun 2016 12:44 (UTC +04:00)
Bu gün Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 2,5 milyard manatdan çox vəsait ayırıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ölkələrin səfirləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin Ümumdünya Qaçqınlar Günü ilə bağlı videomüraciəti nümayiş etdirilib.

F.Qrandi bildirib ki, bu gün münaqişələrin sayı, mürəkkəbliyi və uzunmüddətli xarakteri o anlama gəlir ki, zorla didərgin salınma BMT-nin yaradılmasından bəri misli görünməmiş səviyyəyə çatıb. Hazırda bütün dünyada 60 milyondan çox insan yurdlarından ayrı düşüb. Hər gün media qaçqın faciəsi barədə məlumat yayır, zorakılıqdan qurtulmaq üçün ümidsizcəsinə cəhdlər edən uşaqlar, analar və atalar həyatlarını itirirlər.

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, qaçqın və məcburi köçkün problemi II Dünya müharibəsindən sonra şiddətlənməyə başladı: “Dünyanın superdövlətlərinin nəzarət etdikləri əraziləri genişləndirmək, eləcə də təbii sərvətlərə nəzarət etmək cəhdləri bu problemin şiddətlənməsinə gətirib çıxardı, münaqişələrin sayı artdı. Elə münaqişələr var ki, hələ indiyə qədər həllini tapmayıb. SSRİ-nin dağılması ərəfəsində dünyada yeni problemlər meydana çıxdı, münaqişələrin sayı ikiqat artdı və məcburi köçkün problemi şiddətli bir hala gəlib çıxdı. Təəssüflər olusun ki, bu gün dünyada 60 milyondan çox qaçqın və məcburi köçkün var. Bu, dünyanı narahat edən çox ciddi problemdir və qaçqın problemini tənzimləmək üçün müəyyən sənədlər var, ancaq bu, kifayət deyil”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan da bu gün bu problemlə üzləşib və ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var: “Ancaq Azərbaycan dövləti təkbaşına bu problemin öhdəsindən gəlir, qaçqın və məcburi köçkünlərin sosial və məişət vəziyyətinin yaxşılaşdırılması üçün dövlət proqramları həyata keçirir. İndiyə qədər dövlət tərəfindən bu istiqamətdə 2.5 milyard manatdan artıq vəsait ayrılıb, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri salınıb”.

Tədbirdə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson deyib ki, problemlərin həlli həmrəylik və ksenofobiyaya qarşı mübarizə ilə mümkündür: “KİV-lər siyasi qalmaqalları, insan faciələrini işıqlandırır, ancaq qaçqınların problemi sahəsində könüllü fəaliyyəti yetərincə işıqlandırmır”.

D.Siqurdson digər ölkələrin Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edib: “Azərbaycan təkbaşına bu problemlərin öhdəsindən gəlir. Yeri gəlmişkən, çeçenlər, əfqanlar Azərbaycana gələn əsas qaçqın qruplarıdır. Onlar 20 ildir ki, Azərbaycanda yaşayır və artıq cəmiyyətə inteqrasiya olunublar. Biz hər bir qaçqın uşağının təhsilə çıxışının, hər bir qaçqın ailəsinin qazancının olmasına çalışırıq. Mən Azərbaycanda xalqınızın gözəl adət-ənənələrini öyrəndim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti