...

Fransa-Azərbaycan Universitetində dərslərin ingilis dilində keçirilməsinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 28 İyun 2016 11:50 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni yaradılan Fransa-Azərbaycan Universitetində (UFAZ) tədrisin ingilis dilində təşkil olunmasının səbəbini açıqlayıb.
Fransa-Azərbaycan Universitetində dərslərin ingilis dilində keçirilməsinin səbəbi açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi yeni yaradılan Fransa-Azərbaycan Universitetində (UFAZ) tədrisin ingilis dilində təşkil olunmasının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, bu ali məktəbdə tədris Fransa tərəfindən tərəfdaş olan Strasburq Universitetinin proqramları əsasında olacaq: “Əgər biz birgə universitet barədə danışırıqsa, orada tətbiq olunan proqram əsas kimi götürüləcək. Dünyanın ən aparıcı ali məktəblərindən biri olan Strasburq Universiteti Avropanın ən yüksək səviyyəli təhsil verən, yüksək akademik nəticələri olan universitetlərindən biridir. Məhz bu təcrübədən faydalanmaq üçün xarici dildən istifadə etmək daha uyğundur. Bu baxımdan məsələ araşdırılarkən, fransız, ya da ingilis dili arasında seçim aparılarkən məlum oldu ki, Azərbaycanda ingilis dilində yüksək səviyyədə ali təhsilə cəlb olunan tələbələrin sayı daha çoxdur. Məlumdir ki, məktəblərimizdə xarici dil tədris olunur. Şagirdlər xarici dillər arasından ən çox ingilis dilini seçirlər. Buna görə də tədris ilk olaraq, ingilis dilindən başlanılır. Ancaq o da istisna deyil ki, sonrakı mərhələdə bu ixtisaslarda, ya da digər ixtisaslarda fransız dilində tədris təşkil oluna bilər”.

C.Bayramov qeyd edib ki, 2016-2017-ci tədris ilindən etibarən Fransa-Azərbaycan Universitetində (UFAZ) 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, Geofizika mühəndisliyi, Neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris başlanacaq. Həmin universiteti bitirən tələbələr həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti