...

Bakıda gənc gimnastların Olimpiya çempionları ilə görüşü olub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2016 18:32 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında gənc gimnastların stend atıcılığı üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu, üçqat Avropa çempionu Zemfira Meftahətdinova və həndbol üzrə Olimpiya çempionu Lyudmila Şubina ilə görüşü olub.
Bakıda gənc gimnastların Olimpiya çempionları ilə görüşü olub (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında gənc gimnastların stend atıcılığı üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu, üçqat Avropa çempionu Zemfira Meftahətdinova və həndbol üzrə Olimpiya çempionu Lyudmila Şubina ilə görüşü olub.

Trend-in məlumatına görə, onlar idman Olimpinin zirvəsinə doğru yollarından danışıblar, öz təcrübələri ilə bölüşüblər və uşaqların suallarını cavablandırıblar.

Z.Meftahətdinova bildirib ki, idmanda heç nə asan qazanılmır: “Böyük nəticələrə nail olmaq üçün çox çalışmaq lazımdır. Bu, həm fiziki iş, həm də mütəmadi məşqlərdir. Bundan əlavə, atıcılıqda idmançının psixoloji hazırlığı da mühüm əhəmiyyət kəsb edir, çünki bizim idman növündə hər şey ancaq atıcının özündən asılıdır. Gimnastikada bəzən qiymətləndirmə subyektiv ola bilər, çünki hakimlər qiymətləndirirlər, atıcılıqda isə sən ya hədəfi sərrast vurursan, ya da yox”.

L.Şubina isə qeyd edib ki, Olimpiya çempionluğu kimi uğura nail olmaq böyük zəhmət tələb edir: “Mən sizə bir məsləhət vermək istəyirəm. İstənilən səviyyəli yarışa çıxarkən məşqçinin sizə öyrətdiyindən, öz imkanlarınızdan daha çox etməyə çalışın. Sizin əsas arzunuz mümkün qədər daha yaxşı çıxış etmək, əsas səyiniz isə yüksək nəticələr qazanmaq olmalıdır”.

Həmçinin, hər iki çempion uşaqlıqda, qısa müddət də olsa, gimnastika ilə məşğul olduqları, amma sonra digər idman növlərinə keçmək qərarına gəldikləri barədə danışıblar.

Z.Meftahətdinova deyib: "Mən birinci sinifdə oxuyanda idman gimnastikası ilə məşğul olurdum və məşqçim deyirdi ki, məndə heç də pis alınmır. Amma sonra elə oldu ki, biz başqa yerə yaşamağa köçdük, valideynlərimin isə məni məşqlərə aparıb-gətirməyə vaxtı olmadı. Ona görə də atıcılıqla məşğul olmağa başladım, xoşbəxtlikdən seksiya yaxınlıqda yerləşirdi".

L.Şubinanın sözlərinə görə, gimnastikanı ona görə tərk etdi ki, bu idman növü üçün kifayət qədər çevik deyildi: “Mən dartınma prosesinə nifrət edirdim, çünki bu məndə alınmırdı. Sonra başa düşdüm ki, sadəcə bu mənim idman növüm deyil, ona görə də tərk etdim. Həm də xizək idmanı və konki ilə məşğul olmuşam, hətta futbol oynamağa macal tapmışam".

Olimpiya çempionları gələcəkdə gənc idmançılara uğurlu çıxışlar arzulayıblar.

L.Şubina qeyd edib: "Sizə qarşıda yalnız uğurlu çıxışlar, bizim kimi Olimpiadada çıxış etməyi, həmçinin böyük nailiyyətlər arzulayıram”.

Z.Meftahətdinova görüşdən sonra jurnalistlərə bildirib: "Çox maraqlı suallar oldu, uşaqlar hazırlıqlı gəlmişdilər. İlk növbədə, olimpiyaçılarımıza böyük nailiyyətlər və uğurlar arzulayıram. Mən çox şadam ki, bizi bu gün buraya dəvət etdiniz, görüş çox xoşuma gəldi, uşaqlar hazırlıqlı, dərrakəlidirlər, çox maraqlı suallar verirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti