...

Xəbərdarlıq: Şəkidəki daşqın-sel digər çaylarda da ola bilər

Cəmiyyət Materials 4 İyul 2016 13:52 (UTC +04:00)
Hazırda ölkə ərazisindəki dağlarda yağıntıların arabir leysan xarakterli olması Şəkidəki oxşar hadisələrin Böyük Qafqazın digər cənub yamacı çaylarında da baş verməsinə səbəb ola bilər.
Xəbərdarlıq: Şəkidəki daşqın-sel digər çaylarda da ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda ölkə ərazisindəki dağlarda yağıntıların arabir leysan xarakterli olması Şəkidəki oxşar hadisələrin Böyük Qafqazın digər cənub yamacı çaylarında da baş verməsinə səbəb ola bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadənin sözlərinə görə, son günlərdə leysan yağışları nəticəsində Böyük Qafqzın cənub yamacının bir çox çaylarında qısamüddətli gursululuq baş verib. Hətta bəzi hallarda onlar daşqına və xarakterik olmasa da, selə çevrilib: “İyulun 2-də Şəkidə Kiş çayında baş verən də sel qarışıq daşqın hadisəsi olub. Əslində, hazırda sel mövsümü deyil. Çaylardan indi daşqın keçməli idi. Lakin Kiş çayının Damarçın qolu ərazisində uzun müddət yağıntının düşməməsi və yamaclarda qırıntı materiallarının çox toplanması nəticəsində yağan güclü leysan yağışı həmin çaydan sel qarışıq daşqının keçməsinə səbəb olub”.

İnstitut rəsmisi qeyd edib ki, Şəkidəki Kiş çayında daşqın-selin belə güclü olmasına və böyük ziyan vurmasına təbii amillər - yamaclarda suxurların uzun müddət yığılıb qalması və onların yamaclardan yuyulub getməsi ilə yanaşı, çay dərəsinin gələn sel materiallarını vaxtında və lazımi həcmdə ötürə bilməməsi səbəb olub. Buna görə də gələn sel-daşqın çay yatağından kənara çıxaraq ətrafa, təsərrüfata, körpülərə ziyan vurub: “Yəni çayın ötürmə qabiliyyəti az olub. Əgər həmin çay yatağı əvvəlki illərin materiallarından təmizlənsəydi, onda daşqın-sel belə nəticələrə səbəb olaraq, çox ziyan vura bilməzdi. Lakin çayın ötürmə qabiliyyəti artırılmadığından sel hadisəsi körpünü uçurdub, təsərrüfata böyük ziyan vurub”.

Kiş çayındakı sel xarakterli daşqın zamanı suyun daha çox lilli olmasının və ətrafı da lilli su basmasının səbəbini açıqlayan E.Əlizadə deyib ki, Kiş çayında Damarçın və Çuxadurmaz qollarında əsasən, gilli suxurlar olur. Həmin suxurlar isə yuyulmağa az davamlıdırlar: “Buna görə də orada yığılan suxurlar lilli gəlir. Ora üçün daşlı-palçıqlı sellər xarakterikdir, ona görə də su elə-belə də gəlməli idi. O, daşqın seli olduğundan onun gətirdiyi material həddindən artıq çox deyildi. Ətrafı da sel deyil, su çox dağıtmışdı. Sel bərk materiallar gələndə olur. Bu dəfə bərk gətirmələr olsa da, onlar gözlənilən qədər çox deyildi”.

Çaylarda sululuq yenidən artacaq

Çaylarda sululuq yenidən artacaq

Xatırladaq ki, iyulun 2-də axşam saat 22 radələrindən başlayaraq Şəkinin dağlıq ərazilərində yağan güclü leysan yağış nəticəsində Kiş və Şin çaylarına təqribən 4 metr qalınlıqda lilli sel gəlib. Nəticədə Kiş kəndinin giriş hissəsindəki uzunluğu 40 metr olan, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdəki körpülər dağılıb, 200 metr uzunluğunda qaz borusu, 4 ədəd elektrik dirəyi, 2000 metrdən artıq içməli su borusu sıradan çıxıb, ətraf ərazini lil qatı basıb, həmin ərazidə yerləşən bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti