...

Rektor: "Narxoz" adının universitetimizin üzərindən götürülməsini istəyirik (FOTO)

Cəmiyyət Materials 15 İyul 2016 18:38 (UTC +04:00)
İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb.
Rektor: "Narxoz" adının universitetimizin üzərindən götürülməsini istəyirik (FOTO)

Bakı. Trend:

İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb.

UNEC-in Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, rektor gənclərə UNEC-in fəaliyyət istiqamətləri, strateji hədəfləri və son illərdə əldə edilən nailiyyətlərindən danışıb. Bildirib ki, regionun iqtisad yönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modeli tətbiq edilir. Rektor ölkədə ali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfə verən differensial əməkhaqqı sisteminin universitetdə tətbiqindən söz açıb: “İstəyirik ki, “Narxoz” adı universitetimizin üzərindən götürülsün. UNEC İqtisad Universitetinin brendidir”.

Rektor universitetin hədəflərini açıqlayıb: “Başlıca məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Hədəfə çatmaq üçün UNEC-in gənc kadrlara ehtiyacı var. Bu məqsədlə universitetdə “gənc müəllim” və “gənc professorlar” layihələri həyata keçirilir. Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib və proses bundan sonra da davam etdiriləcək”.

Avropanın nüfuzlu universitetlərindən məzun olan və ölkənin dövlət və özəl sektorunda müxtəlif vəzifələrdə çalışan gənclər UNEC-lə əməkdaşlığa maraq göstərdiklərini, universitetdə pedoqoji və inzibati işlərdə çalışmaq niyyətində olduqlarını bildiriblər. Gənclər UNEC-də maliyyə, marketinq, menecment və digər ixtisaslar üzrə Azərbaycan, ingilis və rus dillərində dərs demək istədiklərini bildiriblər. Onlar əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və SABAH qruplarında dərs deməkdə maraqlı olduqlarını qeyd ediblər.

Ə.Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasına yüksəlməkdə iddialı olan UNEC bacarıqlı gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır. Rektor gənclərlə mütəmadi görüşəcəyini, universitetlə bağlı fikirləri dinləməyə hazır olduğunu və ən qısa zamanda onların təkliflərinin dəyərləndiriləcəyini bildirib.

Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti