...

Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq

Cəmiyyət Materials 23 İyul 2016 14:02 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya kubokunun final mərhələsinin bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olacaq
Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq

Bakı. Maksim Tsurkov – Trend:

Bakıda bədii gimnastika üzrə Dünya kubokunun final mərhələsinin bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olacaq.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, mərasimin tərtibatçısı Mariana Vasileva deyib.

Onun sözlərinə görə, bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan Balaca şahzadə çıxış edəcək: "Ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş Balaca şahzadə Yanardağdan evə üz tutmağa başlayır. O, bu dağın atəşini bizim ən yaxşı idmançımız Marina Durundaya verəcək. O da odla digər yerlərdən keçməyə başlayacaq. Onlar sahələrdən, üzüm bağlarından və s. yerlərdən keçərək, Şamaxı rəsədxanasına qayıdırlar”.

M.Vasileva təəssüflə bildirib ki, son vaxtlar dünyada nə idmançılardan, nə də sadə insanlardan asılı olmayan hadisələr baş verir:

"Baş verən hadisələr səbəbindən bir çox günahsız insan, tanınmış idmançı ola biləcək uşaqlar həlak olur. Buna görə də bağlanış mərasiminin ilk nömrəsi “Cənab Leytenant” mahnısının sədaları altında bütün günahsız həlak olan leytenantlara həsr olunmuş rəqs olacaq. Son nömrədə isə kiçik ulduz gimnastlar praktiki olaraq hərbçiləri səhnədən çıxararaq bununla göstərirlər ki, yalnız idman dünyanı müharibələrdən xilas edə bilər. Onlar rəqs edirlər və Balaca şahzadə ilə onun planetinə yollanırlar. Leytenantlarla bağlı nömrəni turnirin açılışına bir neçə gün qalmış hazırlamağa başladıq və bu, öldürülmüş azərbaycanlı baş leytenant, Türkiyə, Fransa, Almaniyadakı hadisələr barədə məlumatlarla eyni vaxta düşdü. Buna görə də bağlanış bir az kədərli alınır. Lakin yekunda həyat sevincli anlardan ibarət deyil. Bağlanış mərasiminin kədərli olması yarışlarla vidalaşmağımız ilə bağlıdır”.

O əlavə edib ki, kompozisiyada, bədii gimnastika, akrobatika və tamblinq idman gimnastikasını, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak edəcəklər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti