...

Nazir: "Bizi yoxlamaq lazımdır ki..."

Cəmiyyət Materials 25 İyul 2016 13:04 (UTC +04:00)
İdmançılara dopinqlə bağlı psixoloji təzyiq göstərmək düzgün deyil.
Nazir: "Bizi yoxlamaq lazımdır ki..."

Bakı. İlhamə İsabalayeva - Trend:

"İdmançılara dopinqlə bağlı psixoloji təzyiq göstərmək düzgün deyil. İdmançıları yoxlayan idman qurumlarını, bizi, yəni Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini yoxlamaq lazımdır. Bizi yoxlamaq lazımdır ki, idmançıları necə yoxladığımızı, bu işi necə təşkil etdiyimizi görsünlər. Siz bizi yoxlayın və bizdən tələb edin".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

A.Rəhimov deyib ki, gələcəkdə dopinqin bir alət və ya vasitə kimi siyasətdə və digər məsələlərdə istifadəsindən çox narahatdır.

Nazir qeyd edib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarına gedəcək bütün idmançılar dopinq analizindən keçib: "Bütün analizlər WADA-nın dopinq testindən keçib. Ən sonda boksçuların qan analizləri Köln laboratoriyasında yoxlanılıb və qəbul edilib. Dopinq analizlərindən keçməməyimizlə bağlı beynəlxalq təşkilat tərəfindən səslənən fikirlər doğru deyil. Bu yanaşma səhvdir".

O əlavə edib ki, idmançıların təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur: "Onlar avtobuslarla aparılıb-gətiriləcək. Bircə turistlərlə bağlı narahatlıq var. Onlara da bildiriləcək ki, polislər tərəfindən tam qorunmayan yerlərə getməsinlər. Komandamızın bir hissəsi 12-15 avqustda Bakıya qayıdacaq".

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan beynəlxalq idman yarışlarında 56 idmançı ilə 17 idman növündə təmsil olunacaq.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunları olacaq. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunacaq. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunacaq.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edəcək; Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti