...

Ermənilərin kimyəvi silahdan istifadə etməsilə bağlı cinayət işinin istintaqı davam etdirilir

Cəmiyyət Materials 26 İyul 2016 16:04 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri cəbhə xəttində törətdiyi təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulduğu zaman yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı qadağan olunmuş mərmilərdən istifadə edib.
Ermənilərin kimyəvi silahdan istifadə etməsilə bağlı cinayət işinin istintaqı davam etdirilir

Bakı. Samir Əli - Trend:

Bu ilin aprel ayında beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan Ermənistan silahlı qüvvələri cəbhə xəttində törətdiyi təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulduğu zaman yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı qadağan olunmuş mərmilərdən istifadə edib.

Trend-in məlumatına görə, bu barədə iyulun 26-da Azərbaycan Hərbi Prokurorluğunda 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunmuş və həmin mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mayın 11-də müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.

Respublika Hərbi Prokurorluğunda aparılan araşdırma ilə müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il “Müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyası”nı və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında Konvensiya”nın III (1980-ci il), eləcə də “Kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair” BMT-nin 1992-ci il 30 noyabr tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozublar.

Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Hərbi Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilməklə, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə əlavə müayinə edilmiş və çoxsaylı ekspertizalar təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti