...

Qubada məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 27 İyul 2016 17:53 (UTC +04:00)
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə Quba rayonunda 12-23 iyul 2016-cı il tarixlərində 12 günlük ekoloji yay düşərgəsi təşkil olunub.
Qubada məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunub (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə Quba rayonunda 12-23 iyul 2016-cı il tarixlərində 12 günlük ekoloji yay düşərgəsi təşkil olunub.

Trend-in məlumatına görə, düşərgədə Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən “Ekoklub”ların il ərzində ən fəal üzvlərindən ibarət 30 məktəbli iştirak edib. Düşərgənin əsas məqsədi orta məktəb yaşlı şagirdlər üçün uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramların hazırlanmasıdır.

Yay düşərgəsində ilk dəfə olaraq ASA-Programm/ENGAGEMENT GLOBAL gGmbH tərəfindən göndərilmiş Almaniyalı tələbələr yay düşərgələrinin təlimçiləri kimi öz təcrübələri ilə bölüşüb, məktəblilərlə alman və ingilis dillərində ekoloji treninqlər keçiblər. Düşərgə müddətində ətraf mühit üzrə tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar təşkil olunub.

Düşərgə iştirakçılarının yaddaşında astrofizika gecələri xüsusi iz qoyub. “Tusi Bohm” Planetarium tərəfindən təqdim olunan güclü teleskop vasitəsilə gənc ekoloqlar kainatı və planetləri müşahidə ediblər. Planetlərin və qalaktikanın teleskop vasitəsilə çəkilmiş möhtəşəm fotolarının nümayişi uşaqların böyük marağına səbəb olub.

Quba meşələrinə ekskursiyalar zamanı düşərgə iştirakçıları təbiətdə praktik məşğələlərdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, meşədə təhlükəsizlik qaydalarına riayət edərək, təbii əlamətlərə əsasən istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, flora və fauna haqqında treninqlərdə fəal iştirak ediblər.

Mənalı istirahətin sonunda “Düşərgənin ən yaxşı ekoloqu” müsabiqəsinin və idman yarışlarının qaliblərinə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplomları və hədiyyələr təqdim olunub. Düşərgə Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və İstirahət bazasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti