...

Səhiyyə Nazirliyi: Üzgüçülük hovuzlarında həkimlərin çalışması vacibdir

Cəmiyyət Materials 28 İyul 2016 15:25 (UTC +04:00)
Üzgüçülük hovuzlarında həkimlərin çalışması mütləq şəkildə vacibdir.
Səhiyyə Nazirliyi: Üzgüçülük hovuzlarında həkimlərin çalışması vacibdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Üzgüçülük hovuzlarında həkimlərin çalışması mütləq şəkildə vacibdir. Üzgüçülük hovuzlarından istifadə edən şəxslər isə gündəlik olaraq həkim müayinəsindən keçməlidirlər.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, üzgücülük hovuzlarının fəaliyyət göstərdiyi komplekslərin ştat üzrə bir həkimi və bir laborantı olmalıdır. Həkim üzmək üçün müraciət edən şəxsdə daha çox infeksion xəstəliklərin olub-olmamasına diqqət yetirir: “Onlar gündəlik işdə olmalıdırlar. Həkimlər şəxsin dərisinə, yarasının olub-olmamasına, saçının tökülüb-tökülməməsinə, öskürüb-öskürməməsinə, hərarətinin olub-olmamasına diqqət yetirir. Amma kiminsə ürəyində problem varsa, o, artıq terapevtik müayinədən keçməlidir. Müayinədən sonra həmin həkim deyə bilər ki, bu adamı hovuza buraxmaq olar, ya olmaz. Hovuzda işləyən həkim də müraciət edən şəxslərlə bağlı bu qərarların verilməsində rol oynayır”.

Z.Kazımov qeyd edib ki, hovuzdakı suyun tərkibindəki kimyəvi göstəricilər də norma daxilində olmalıdır. Hər iki saatdan bir hovuz suyununun tərkibindəki xlorun qalığı öyrənməlidir.

Mərkəz rəsmisi əlavə edib ki, üzgüçülük hovuzlarının fəaliyyət göstərdiyi komplekslər özəl sahibkarlıq subyektləri olduğundan bu normalara riayət edilmə vəziyyətini öyrənmək üçün yoxlama apara bilmirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Trend-ə deyib ki, hovuzların fəaliyyəti hər hansı dövlət standartı ilə tənzimlənmir. Hovuzların fəaliyyəti yalnız Səhiyyə Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sənədləri ilə tənzimlənir: “Hovuzlara dair sanitariya norma və qaydaları Səhiyyə Nazirliyinin sənədləridir. Hovuzun özünün tikilməsi, ora olan tələblər isə tikintiyə nəzarət məsələləri ilə bağlıdır. Bu tələblər də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti normalarında öz əksini tapıb. Yəni hovuzun fəaliyyəti hər hansı dövlət standartı ilə tənzimlənmir”.

Sumqayıtda idman kompleksində gənc qızın ölümü ilə bağlı təfərrüatlar

Sumqayıtda idman kompleksində gənc qızın ölümü ilə bağlı təfərrüatlar

Xatırladaq ki, dünən Sumqayıt şəhər sakini Ülkər Oktaybəyli şəhərdəki idman komplekslərindən birində hovuzda çimərkən boğulub. Onun ürəyində problemin olduğu, bu səbəbdən də çimərkən öldüyü bildirilir. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi üzgüçülük hovuzlarında həkimlərin çalışmasının və müraciət edən şəxsin həkim müayinəsindən keçməsinin vacib olduğunu bildirsə də, komplekslərin çoxunda buna əməl edilmir, hovuzdan istifadə üçün müraciət edən şəxslərin tibbi müayinədən keçməsi tələb edilmir. Müraciət edənlər yalnız aylıq xidmət haqqı ödəməklə hovuzdan istifadə edə bilirlər.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti