...

Qarabağ üzrə Regional Bilik Evi açılacaq (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 15:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək, konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna dəstək vermək məqsədilə Bilik Evləri yaradır.
Qarabağ üzrə Regional Bilik Evi açılacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək, konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna dəstək vermək məqsədilə Bilik Evləri yaradır.

Bilik Fondunun artıq bütün ölkədə tanınan maarifləndirici layihələri cəmiyyətin diqqət mərkəzindədir. Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün yerlərdə fəaliyyətə başlayan Bilik Evləri artıq əhalinin üz tutduğu bilik və maarif ocağına çevrilib.

2015-ci ilin oktyabrında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü və yerli icra hakimiyyətlərinin dəstəyi ilə Qax və Oğuz rayonlarında yaradılmış Bilik Evlərinin açılış mərasimi olub. Bilik Evləri üçün ayrılmış bina təmir edilib, sinif otaqları zəruri avadanlıq, internet və dərs ləvazimatları ilə təmin olunub.

Nardaran Bilik Evinin açılış mərasimində akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak ediblər. Nardaranda Bilik evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb. Fəaliyyəti dövründə Nardaran Bilik Evində bir sıra maarifləndirici tədbirlər keçirilib, Təhsil Problemləri İnstitutu ilə birgə müəllimlər üçün təlimlər təşkil olunub.

Bilik Fondu və Şəmkir Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu çərçivəsində əməkdaşlığın davamlı və səmərəliliyi məqsədi ilə Şəmkir Heydər Əliyev Mərkəzinin inzibati binasında Bilik Evi açılıb. Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayan Bilik Evində mütəmadi tədbirlər keçirilir və qarşılıqlı dəstəyin nəticəsində böyük nailiyyətlərə imza atılır.

Şəmkir Bilik Evinin açılış mərasimində ilk çıxış edən millət vəkili Sona Əliyeva rəhbərlik etdiyi Mərkəzlə Bilik Fondunun birgə təşkilatçılığı ilə Bilik Evinin yaradılmasının həm Şəmkir rayonunda, həm də ətraf bölgələrdə böyük uğurlara imza atacağına əminliyini bildirib.

Şəmkir Rayon İcra hakimiyyəti başçısı Alimpaşa Məmmədov bilikləndirmə missiyası daşıyanlara Şəmkir rayonunun bütün sakinlərinin dəstək verməyə hazır olduğunu deyib, Bilk Evinin rayonun hərtərəfli və sürətli inkişafına güclü təkan olacağını vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov həm Nardaranda, həm də Şəmkirdə Bilik Evinə millət vəkillərinin rəhbərlik etdiyini vurğulayaraq, bu hadisəni Fondun uğuru kimi dəyərləndirib: "Ev deyəndə adamın düşüncəsində isti ocaq, rahatlıq, səmimiyyət, doğmalıq kimi gözəl hisslər hakim kəsilir. Əminik ki, Bilik Evi də sizə doğma ocağınız qədər isti ocağa çevriləcək".

Bilik Evləri xüsusilə ali təhsil ala bilməyən gənclərinin inkişafında müstəsna rol oynayır, burada gənclər üçün ədəbi yaradıcılıq, avtomobillərə texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursları, kompyüter operatoru və kargüzarlıq işləri üzrə kurslar təşkil olunub. Hər bir Bilik Evində sosial sifariş əsasında təlim olunacaq ixtisaslar dəyişdirilir. Bilik Evlərində Yaradıcılıq fakültəsinin də filialları fəaliyyət göstərir. Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər dərs deyir. İxtisasla yanaşı, Bilik Evlərinin bütün müdavimləri Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyir, dəyirmi masalarda və disputlarda iştirak edirlər. Bilik Evlərində təhsilini uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar təqdim olunur.

Hazırda Bilik Fondunun 4 bölgədə - Qax, Oğuz və Şəmkir rayonlarında, Nardaran qəsəbəsində Bilik Evləri fəaliyyət göstərir. Yaxın vaxtlarda Astara və İsmayıllı rayonlarında Bilik Evinin açılması planlaşdırılır. Yerli sakinlərin istəyi nəzərə alınmaqla, cəbhəyanı bölgədə tezliklə Qarabağ üzrə Regional Bilik Evinin açılması gündəmdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti