...

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Cəmiyyət Materials 29 İyul 2016 09:00 (UTC +04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

Trend-in məlumatına görə, imtahan Bakı şəhərində 1, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində davam edəcək.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Rezidenturaya ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1239 namizəd elektron ərizə dolduraraq təsdiq edib. Onlardan 442 nəfər imtahanın I mərhələsinin (3 aprel 2016-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 325-i qız, 117-i oğlandır. 407 namizəd Azərbaycan bölməsinin, 35 namizəd rus bölməsinin, 272 namizəd cari ilin, 170 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 430, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 42 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti