...

Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2016 17:05 (UTC +04:00)
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib.
Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib (FOTO)

Bakı. Trend:

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı SalmanMusayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətlərindən danışıb. O, bu xidmətlərin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verən Mübariz Qurbanlı Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Bildirib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Dini konfessiyaların fəaliyyəti barədə məlumat verən Mübariz Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən danışıb. O qeyd edib ki, bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir.

Sonra “Şöhrət” ordeni Milix Yevdayevə təqdim olunub.

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev onun fəaliyyətinə verilən bu qiymətə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən M.Yevdayev yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi olduğunu deyib. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti