...

Ombudsman təsisatı və BMT QAK arasında Anlaşma Memorandumu imzalanıb

Cəmiyyət Materials 24 Avqust 2016 18:03 (UTC +04:00)
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərlə Azərbaycan dünyada nümunəvi dövlətdir.
Ombudsman təsisatı və BMT QAK arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərlə Azərbaycan dünyada nümunəvi dövlətdir.

Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelis Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ilə görüşündə deyib.

Görüşün əsas məqsədi Ombudsman təsisatının işi ilə tanışlıq və təsisat ilə BMT QAK arasında 2016-cı ilin sonunadək birgə əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması olub.

Müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx əməkdaşlıq əlaqələri, bu sahədə Ombudsman təsisatının fəaliyyəti, ölkədə mövcud vəziyyət, qanunvericilik bazası və görülən tədbirlər haqqında məlumat verib.

E.Süleymanova qeyd edib ki, ölkənin sürətli iqtisadi inkişafı nəticəsində qaçqın, məcburi köçkün düşərgələri ləğv edilib, yeni qəsəbələr salınıb. Onun sözlərinə görə, buranın sakinləri ilə işin müvəffəqiyyəti mövcud vəziyyətin, ehtiyacların öyrənilməsi, həmçinin onların psixoloji durumunun nəzərə alınması və fəaliyyətin məhz bu istiqamətdə qurulması nəticəsində mümkün olub.

E.Süleymanova həmçinin qaçqın və məcburi köçkünlərlə bağlı məlumat bazasının yaradıldığını, lakin həmin bazanın təkmilləşdirilməsinin zəruriliyini söyləyib.

Sonda Ombudsman təsisatı və BMT QAK arasında 2016-cı ilin sonunadək əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi “Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn koordinasiyalı səylərə dəstək verməkdir.

Məlumatda qeyd olunur ki, qaçqın və məcburi köçkün qəsəbələrində yerləşən orta məktəblərdə uşaq hüqüqları sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı Ombudsman təsisatı, BMT QAK və UNİCEF arasında üçtərəfli əməkdaşlıq haqqında razılıq əldə edilib.

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti