...

Təhsil kreditləri ilə bağlı yeni təklif

Cəmiyyət Materials 30 Avqust 2016 11:25 (UTC +04:00)
Azərbaycanda təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac var.
Təhsil kreditləri ilə bağlı yeni təklif

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə Milli Məclisdə deputatlar tərəfindən irəli sürülən təşəbbüslər, hətta müəyyən ilkin layihələr də mövcuddur.

İ.Həbibbəyli qeyd edib ki, “Elm haqqında” qanunun 33.10-cu maddəsində doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmək hüququnun həyata keçirilməsi kimi yeni müddəa öz əksini tapıb: “Təhsil Nazirliyi artıq bakalavr pilləsi üçün təhsil kreditlərinin verilməsi işinə başlayıb. Fikrimizcə, Təhsil Nazirliyinin bu proqramın məqsədyönlü şəkildə həyata keçirilməsi üçün artıq “Tələbə Kredit Mərkəzi” yaratması həmin sahədə real addımların atılmasına şərait yaradacaq. Beynəlxalq təcrübədə özünü təsdiq etmiş təhsil kreditləri məsələsinin həyata keçirilməsi Azərbaycanın elm və təhsil sistemində bir çox problemlərin həllinə kömək edəcək. Bu baxımdan “Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın olması həmin prosesin daha da genişlənməsinə təkan verəcək”.

“Elm haqqında” qanunda ilk növbədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinə fikir verildiyini bildirən İ.Həbibbəyli qeyd edib ki, “Elm haqqında” qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Əsasnaməsinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsinə dair xüsusi maddənin öz əksini tapması bu zəruri qurumun rolunun və funksiyalarının daha da artırılmasına xidmət edir.

Onun sözlərinə görə, bundan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan elm sahələri üzrə problem şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaq.

İ.Həbibbəyli həmçinin qeyd edib ki, elmi adların və dərəcələrin verilməsi qaydalarının təkmilləşdirilməsi və dəqiqləşdirilməsi istiqamətində də “Elm haqqında” qanunda əhəmiyyətli müddəalar öz əksini tapıb: “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, müxbir, xarici və fəxri üzvlüyünün elmi rütbə adlandırılması ölkəmizdə alim adına və zəhmətinə göstərilən böyük diqqət və qayğını özündə əks etdirir. Bununla belə, akademik adının elmi rütbə hesab edilməsi bu adı daşıyan alimlərin, seçkili orqanların məsuliyyətini daha da artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti