...

Azərbaycanda Ekoloji Turizm Şurası yaradıldı (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2016 17:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradılıb.
Azərbaycanda Ekoloji Turizm Şurası yaradıldı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təbiət turizmi, dağ turizmi və dağçılıqla məşğul olan şirkət və qrupları təbiətə kütləvi axın nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırmaq və mövcud problemlərin birgə müzakirəsi məqsədi ilə nazirlikdə keçirilən görüşdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qeyd edib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü ilə qoruq əraziləri genişləndirilib və Milli parklara çevrilib. Az bir müddət ərzində xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb:

“Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın taptağından, eroziyadan xilas olub. Nəticədə qorunan ərazilər gözəgəlimli şəkil alıb və insanlar meşələrdən, təbiət ərazilərindən istifədə etmək üçün həmin yerlərə can atır. Amma görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən aşırı istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır”.

Müzakirələrdə nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə yerləşən milli parklara giriş prosedurlarının və sənədləşmə işlərinin daha da sadələşdirilməsi məsələsinə də toxunulub. Nazir təklif edib ki, müraciət edən şirkət, klub və ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandığı təqdirdə xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə giriş 1 gün ərzində həyata keçirilsin.

Nəticədə toplantının yekunu olaraq H.Bağırovun sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti