...

Azərbaycanda kosmik müşahidələrdən elmi məqsədlər üçün istifadə olunacaq

Cəmiyyət Materials 17 Sentyabr 2016 12:11 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Azərbaycanda kosmik müşahidələrdən elmi məqsədlər üçün istifadə olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan ərazisinin kosmik müşahidəsi nəticəsində elmi məqsədlər üçün peyk təsvirlərinin əldə olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Sənəddə Azərbaycana məxsus süni peyklərin təhlükəsizliyi baxımından tələb olunan proqnoz xarakterli hesablama işlərinin yerinə yetirilməsi, nanopeyklərdə astrofiziki eksperimentlərin həyata keçirilməsi, kosmik təsvirlərin əsasında təhlükəli endogen geoloji proseslərin, palçıq vulkanı aktivliyinin, ekoloji şəraitin və digər proseslərin öyrənilməsi və monitorinqinə dair məsələlər yer alır. Bundan başqa, memorandumda Azərbaycanın flora, fauna və torpaq örtüyü biomüxtəlifliyinin, eyni zamanda ərazinin geologiyasının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ilə bağlı layihələrdə kosmik təsvirlərin tətbiq edilməsi, ekzogen geoloji proseslərin, geoekoloji və faydalı qazıntıların istifadəsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müddəalar öz əksini tapır.

Ümumilikdə tərəflər arasında prioritet sahələrdə qurulmuş əməkdaşlığı və birgə elmi fəaliyyəti genişləndirəcək bu memorandum gələcəkdə Azərbaycan ərazisində ekoloji və geoloji təhlükələr haqqında yeni məlumatların əldə edilməsi və monitorinqinə, eləcə də faydalı qazıntıların axtarışına, Xəzərin səviyyəsinin və səhralaşma proseslərinin öyrənilməsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti