...

Səlim Müslümov Tərtərdə özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2016 10:37 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən və özünüməşğulluq üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb.
Səlim Müslümov Tərtərdə özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən və özünüməşğulluq üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir ölkəmizdə özünüməşğulluq üzrə dövlət səviyyəsində geniş bir proqrama başlanmasının Azərbaycan Prezidenti İlham Əliyevin respublika əhalisinin aktiv sosial müdafiə sistemi ilə əhatə olunmasına diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb: “Möhtərəm dövlət başçımızın “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin Kollegiyasında təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında məqsədyönlü işlər aparılır. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsi biznesin qurulması və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərə cəlb edilirlər. Təlimlərin aparılması üçün seçilmiş təlimçilərə Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi tərəfindən nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzində bir həftəlik təlim kursları keçirilir. Artıq respublikanın ayrı-ayrı rayonları üzrə 75 nəfər bu kursları uğurla başa vurmaqla sertifikatla təmin olunublar. Həmin təlimçilər onlarla bağlanılmış müqavilə əsasında öz rayonlarında özünüməşğulluq proqramında iştirak etmiş üçün müraciət edən vətəndaşlar üçün təlimlərə başlayıblar. Bu təlimlərə artıq 370 nəfərə yaxın işaxtaran və işsiz vətəndaş cəlb olunub”.

S.Müslümov bildirib ki, təlimçilərin hazırlanması üçün kurslar davam etdirilir və ümumilikdə ölkə üzrə 142 təlimçinin hazırlanması nəzərdə tutulub: “İşaxtaran və işsiz vətəndaşlar təlimlərdə iştirak etdikdən sonra həmin insanlardan təlim prosesini başa vuraraq, uğurlu biznes-plan hazırlamış və müdafiə etmiş 1500 nəfər şəxs özünüməşğulluq proqramına cəlb olunacaq”.

Nazir Tərtər rayonunda da təlimçilər tərəfindən iki qrup üzrə təlimlərə cəlb olunmuş 23 nəfər işaxtaran və işsiz şəxsin bu təlimlərdə biznesin təşkili üzrə bilik və bacarıqlara mükəmməl səviyyədə yiyələnəcəklərinə əminliyini ifadə edib: “Çünki yaxşı biznesin qurulması lazımi biliklərə, bacarıqlara malik olmağı tələb edir. Məhz bundan sonra uğurlu biznes-plana sahib ola biləcəksiniz ki, bu da şəxsi biznesiniz üçün müqavilə əsasında sizlərə mal və materialların verilməsini şərtləndirəcək. Onların qanunvericilikdə müəyyən edilmiş qaydada sığortalanması da təmin olunacaq. Sonrakı bir il ərzində sizin biznes fəaliyyətinizin müsbət nəticəsi artıq bu mal və materialların daimi olaraq sizlərin şəxsi mülkiyyətinizə verilməsinə imkan yaradacaq”.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının uğurlu icrası, bu sahədə əldə olunmuş uğurlu təcrübə həmin istiqamətdə işlərin, aktiv əmək bazarı proqramlarının gələcəkdə daha da genişlənməsinə əsas yaradacaq.

Daha sonra S.Müslümov təlim prosesinə cəlb olunmuş şəxslərin hansı fəaliyyət sahələri üzrə özünüməşğuluq proqramında iştirak etmək istəyində olduqları ilə maraqlanıb. Həmin şəxslər maldarlıq, quşçuluq, tərəvəzçilik, meyvəçilik və s. sahələrdə şəxsi bizneslərini qurmaq istədiklərini, təlimlər zamanı bunun üçün lazımi bilik və bacarıqların verildiyini qeyd ediblər. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin məşğulluq imkanlarının artırılması, işaxtaran və işsiz vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində biznes fəaliyyəti qurmaları üçün göstərdiyi yüksək diqqət və qayğıdan razı qaldıqlarını vurğulayıb, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti