...

Daha bir qrup təlimçiyə sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 16:40 (UTC +04:00)
BƏT rəsmiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, burada peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olublar.
Daha bir qrup təlimçiyə sertifikatlar verilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler və BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, burada peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olublar.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazir Səlim Müslümov ölkəmizdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığının təşkili sahəsində aparılan işlərlə bağlı məlumat verib.

Özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesinə baxış olub və BƏT-in nümayəndələri ilə birgə özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 14 nəfər təlimçiyə sertifikatlar təqdim edilib.

Keçirilən ikitərəfli görüşdə S.Müslümov ölkə əhalisinin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, qeyri-neft iqtisadiyyatı üzərində iqtisadi inkişafın davam etdirilməsi, yerli istehsalın artırılması yolu ilə idxaldan asılılığın azaldılması üçün aparılan islahatlar, iri infrastruktur layihələrinin icrası əmək resurslarının məşğulluğunun artırılmasında mühüm rola malikdir: “Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6,2 faiz artaraq 2015-ci ildə 4915,3 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə çoxalmasının göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin sayında artım iqtisadi fəal əhalinin say artımını üstələməklə 6,8 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 8,3 faiz artıb”.

S.Müslümov qeyd edib ki, xüsusən son illərdə qlobal iqtisadi proseslərdən irəli gələn mənfi təsirlərin qarşısının alınmasına yönələn çevik və məqsədyönlü islahatlar ölkədə işsizliyin kəskin şəkildə azaldılması sahəsində qazanılmış uğurların, əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan verib. Özəl sektorun dəstəklənməsi bu sahədə mühüm önəm kəsb edir, misal olaraq, ötən il açılan iş yerlərinin 76 faizi məhz fərdi sahibkarlar və özünüməşğul şəxslər tərəfindən yaradılıb. Nazir ölkədə əmək, əmək münasibətləri, məşğulluq, əməyin mühafizəsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahələrində BƏT-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Ölkəmizdə əmək və məşğulluq sahəsində struktur islahatlarının həyata keçirilməsində, bu sahədə fəaliyyətin qabaqcıl dünya standartlarına uyğun qurulmasında BƏT-lə birgə aparılan işlər mühüm rol oynayıb. Ötən müddətdə BƏT-in 56 Konvensiyasını ratifikasiya edən Azərbaycan həmin konvensiyalardan irəli gələn öhdəliklərin icrasında uğurlu iş təcrübəsinə malikdir”.

BƏT-in gənclərin məşğulluğu üzrə təşəbbüs və layihələrində də Azərbaycanın fəal iştirak etdiyini bildirən S.Müslümov son illərdə bu təşkilatın “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” adlı Texniki Əməkdaşlıq layihəsinə ölkəmizin də daxil edildiyini diqqətə çatdırıb: “Həmin layihə çərçivəsində Azərbaycanda “Təhsildən məşğulluğa: Gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunub. Nəticədə belə gənclərdən bir qrupunun subsidiya əsasında məşğulluğu təmin edilib”.

BƏT-lə əməkdaşlığın yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması işlərində də davam etdirildiyini vurğulayan nazir bu sahədə BƏT tərəfindən göstərilən ekspert dəstəyini yüksək dəyərləndirib: “Bununla yanaşı, “BƏT-lə əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanmasında gördüyümüz birgə işlər təqdirəlayiqdir. Bu mühüm Proqramın imzalanması bizim əməkdaşlığımızın ölkəmizdə layiqli əmək konsepsiyasının icrası müstəvisində daha da inkişaf etməsinə səbəb olacaq”.

S.Müslümov son illərdə respublikamızda özünüməşğulluq üzrə layihələrin, o cümlədən BƏT-lə əməkdaşlıq çərçivəsində icra edilmiş “Öz biznesinə başla” layihəsinin uğurlu nəticələrinin ilk dəfə Azərbaycanda olmaqla ölkə səviyyəsində özünüməşğulluq proqramına başlanmasına əsas yaratdığını qeyd edib: “Dövlət başçımızın 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təmin olunması proqramı artıq praktik icra mərhələsindədir. Bu sahədə aparılan işlər BƏT-in müvafiq meyarlarına uyğun tərzdə yerinə yetirilir. Proqramda iştirak etmək üçün müraciət edənlərə təlimlərin keçirilməsi üçün təlimçilərin seçimi və hazırlanması prosesi də BƏT-in baş təlimçisi tərəfindən həyata keçirilir. Təlim kursları nazirliyin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Tədrisi Mərkəzlərində təşkil olunur. Kursları bitirmiş şəxslər sertifikatla təmin olunur və təmsil etdikləri bölgələrdə proqramda iştirak etmək üçün müraciət edən şəxslərə təlimlər keçirlər. Ölkə üzrə 142 təlimçinin hazırlanması nəzərdə tutulub ki, artıq onlardan 90 nəfərə yaxın təlimçi hazırlanıb”.

Nazir bu sahədə aparılan işlərin BƏT-lə əməkdaşlığın uğurla davam etdirilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.

H.Köler Azərbaycanın ümumi tərəqqisi prosesində əmək bazarının inkişafına, vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələn aktiv proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, BƏT-lə əməkdaşlıq müstəvisində ölkəmizdə aparılan işləri, habelə əmək və məşğulluq sahəsində milli siyasətin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları müsbət dəyərləndirib. H.Köler layiqli əməyin təmin olunması, işaxtaran və işsiz vətəndaşlara özünüməşğulluq formasında biznes imkanlarının yaradılması üçün Azərbaycanda aparılan siyasətə BƏT-in dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti