...

Şamaxıda gənclərlə görüş (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 17:09 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini bu gün Şamaxıda davam etdirib.
Şamaxıda gənclərlə görüş (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini bu gün Şamaxıda davam etdirib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Şamaxı rayon Uşaq Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə konfrans keçirilib.

Rayon gənclərinin iştirak etdiyi konfransda giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi, eləcə də multikultural dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən də bəhs edib.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə dərin tarixi köklərə malik olan multikultural və tolerantlıq ənənələrinin mövcudluğundan, bu ənənələrə xalqımız və dövlətimiz tərəfindən verilən dəyərdən danışıb. O bildirib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün dini konfessiyaların dinc və qardaşlıq şəraitdə fəaliyyət göstərdiklərini deyən sədr müavini bu həqiqəti heç bir qüvvənin dəyişə bilməyəcəyini vurğulayıb.

G.İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini vurğulayıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşərək, Azərbaycanda mövcud olan multikultural mühit barədə geniş məlumat verib. O qeyd edib ki, multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib, fərqli din, mədəniyyət, dil, xalq mənsublarına hörmətlə yanaşmaq xalqımızın genetik köklərindən gələn ənənələrdir. R.Əsgərov milli-mənəvi, eləcə də multikultural ənənələrimizin qorunub-saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən də danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti