...

Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binası açılıb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 19:27 (UTC +04:00)
Bu gün Mingəçevirdə Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.
Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binası açılıb (FOTO)

Bakı. Trend:

Bu gün Mingəçevirdə Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə məsul ədliyyə işçiləri, hakimlər, şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, ümumi sahəsi təxminən 500 kvadrat metr olan iki mərtəbədən ibarət binada qeydiyyat işinin aparılması, əhali və əməkdaşlar üçün hər cür şərait yaradılıb. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək. Eyni zamanda, nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək.

Mərasimdə çıxış edən ədliyyə naziri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb, bu günlərdə Konstitusiyaya dəyişikliklərlə bağlı azad, ədalətli və şəffaf şəraitdə, böyük vətəndaş həmrəyliyi ilə keçirilmiş ümumxalq səsverməsinin xalqımızın gələcək inkişaf kursu ətrafında birliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olduğunu qeyd edib.

Nazir respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, ölkə Prezidentinin bu yaxınlarda Mingəçevir şəhərinə səfəri zamanı abadlıq-quruculuq işləri ilə tanışlığını və Sənaye Parkının təməlqoyma mərasimində iştirakını xüsusilə vurğulayıb. Eyni zamanda, genişmiqyaslı ədliyyə islahatlarına toxunaraq Mingəçevirdə qeydiyyat şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin şəhər sakinlərinə yeni bir töhfə olduğunu söyləyib.

Bildirilib ki, son illər ərzində 50-ə yaxın qeydiyyat şöbələrinin binaları əsaslı təmir olunub və ya yeniləri inşa olunaraq istifadəyə verilib, o cümlədən ötən ilin sonunda dövlət başçısının Şəkiyə səfəri çərçivəsində şəhər qeydiyyat şöbəsinin yeni inzibatı binasının açılışı olub.

Nazir bölgələrdə ədliyyə qurumları üçün yeni binaların istifadəyə verilməsinin onların fəaliyyətinin təkmilləşdirilməsinə, vətəndaşlar üçün əlverişli şərait yaratmaqla ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini bildirib.

Mingəçevir şəhər icra başçısı və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, o cümlədən ədliyyə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, yeni inşa olunmuş binanın istifadəyə verilməsi əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edəcəkdir.

Səfər zamanı ədliyyə naziri hakimlər və yerli ədliyyə qurumlarının əməkdaşları ilə görüşərək, etik davranış qaydalarına ciddi riayət olunması, vətəndaşlara layiqli xidmət göstərilməsi, insanların məmnunluğuna nail olunması, işin keyfiyyətinin artırılması ilə bağlı və digər tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti