...

Mübariz Qurbanlı Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2016 17:23 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mübariz Qurbanlı Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında ikitərəfli əlaqələrdən danışan Komitə sədri Azərbaycanın dərin tarixi köklərə malik ölkə olduğunu deyib. Respublika əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Ölkəmizin dünyəvi dövlət olmasına baxmayaraq Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını önə çəkən Komitə sədri məhz bu münasibətin sayəsində Azərbaycanın bu cür zəngin tolerantlıq və multikultural dəyərlərə sahib olduğunu deyib.

Dövlət Komitəsinin səlahiyyətləri barədə qonaqlara geniş məlumat verən M.Qurbanlı Komitənin dövlətin din siyasətini həyata keçirdiyini, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət etdiyini bildirib.

Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.

Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri X.Amarilya Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayaraq insan hüquqlarının qorunması ilə bağlı problemlərin yaşandığı bir regionda Azərbaycanın digər dinlərə, millətlərə və xalqlara olan tolerant münasibətini bu səviyyədə qoruyub saxlamasını yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan öz multikultural və tolerant mühitinə görə dünyaya nümunə olacaq səviyyədədir.

Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.

Qonaqlar da öz növbəsində M.Qurbanlıya Uruqvay Parlamentinin medalını təqdim ediblər.

Qeyd edək ki, görüşdə Azərbaycanın Argentinadakı (eyni zamanda Uruqvayda akkreditə olunmuş) səfiri Rəşad Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti