...

Allahşükür Paşazadə: Roma Papasının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq

Cəmiyyət Materials 2 Oktyabr 2016 18:08 (UTC +04:00)
Roma Papasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq.
Allahşükür Paşazadə: Roma Papasının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq

Bakı. Trend:

Roma Papasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair fikirlərini alqışlayırıq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu gün Heydər məscidində Roma Papası Fransisk ilə görüşdə çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, nüfuzlu dini lider olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsləndirdiyiniz fikirləri həssaslıq və ehtiramla alqışlayırıq: "Azərbaycan xalqı, dövləti və onun lideri hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllini istəyir. Münaqişənin sülh yolu ilə həlli üçün dəfələrlə rus, gürcü, pravoslav kilsələri, Ümumdünya Kilsələr şurasının vasitəçiliyi ilə Ermənistanın dini lideri ilə bir araya gəlmişəm. Birlikdə bəyan etmişik ki, bu münaqişə dini qarşıdurma səciyyəsi daşımır. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli yolunda səy göstərəcəyinizə ümidvarıq".

QMİ sədri sonra deyib: "Sizin Vatikan dövlətinin başçısı, dünya katoliklərinin lideri kimi fəaliyyətiniz böyük diqqətlə qarşılanır. Sizin dünyanı narahat edən məsələlərə tənqidi münasibətiniz, miqrant problemi ilə bağlı qınağınız, terrorun səbəkələrini pisləyərək islam dininin adının terrorla yanaşı çəkilməsinə etirazınız, ksenafobiya hallarına qarşı qətiyyətli çıxışlarınız böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanda yaşayan müxtəlif konfessiya nümayəndələri bütün yüksək səviyyəli tədbirlərdə olduğu kimi, sizinlə də görüşə birlikdə gəlmişik. Bu Azərbaycanın gerçəkliyi, bizim adi həyat tərzimizdir. Dini müxtəliflik Azərbaycanın milli sərvətidir. Xalqımız bu sərvəti qoruyur, gələcək nəsillər üçün yaşadır. Azərbaycan həmçinin, bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşır. Dünyanın müxtəlif nöqtələrində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə tarixi dini abidələrə yeni həyat verilir. Vatikanda bu Fondun xətti ilə həyata keçirilən işlər bu gün böyük əhəmiyyətə malikdir. Bu Azərbaycan xalqının dünya irsinə sonsuz ehtiramının göstəricisidir. Biz din, mədəniyət abidələrinin, müqəddəs kitabların, dini atributların hər hansı formada aşağılanmasının əleyhinəyik. Təcavüz, terror və digər ekstremist əməllər nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların tezliklə öz torpaqlarına qayıtması üçün dualar edir, bu kimi bəlalara düçar olmuş insanlara münasibətdə ədalətli və mərhəmətli olmağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti