...

Nazirlik rəsmisi: Prioritetlərdən biri Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır

Cəmiyyət Materials 11 Oktyabr 2016 11:16 (UTC +04:00)
Oktyabrın 10-da “Park İnn” hotelində “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat mərasimi keçirilib.
Nazirlik rəsmisi: Prioritetlərdən biri Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır

Bakı. Trend:

Oktyabrın 10-da “Park İnn” hotelində “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd edilir ki, təqdimat mərasimində Yaponiya turizm sənayesinin bir qrup nümayəndəsi ilə Azərbaycan turizm sənayesinin nümayəndələri iştirak edib.

Tədbirə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələrindən ibarət heyət qatılmışdı.

Əvvəlcə Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, müasir inkişaf istiqamətləri, habelə gəzməli-görməli yerləri, eləcə də sağlamlıq turizmi haqqında geniş məlumat əksini tapmışdı.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov son illər Azərbaycanda turzimin inkişafı istiqamətində görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır: “Bu istiqamətdə fəaliyyətin təmin olunması üçün müxtəlif ölkələrin turizm şirkətlərinin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları təşkil edilir. Belə tədbirlərdən biri də bu gün reallaşır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində görüşlərin keçirilməsi, yerli turizm şirkətləri ilə əlaqələrin qurulması, həmçinin ölkəmizin turizm infrastrukturu ilə tanışlıq nəzərdə tutulub”.

Daha sonra Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimura çıxış edərək ölkəsinin turizm potensialı haqqında geniş məlumat verdi. Bildirdi ki, Yaponiya bir çox özəlliklərinə görə dünyanın müxtəlif ölkələrindən olan turistlərin marağını cəlb etməkdədir. 2014-cü ildə Yaponiyaya gələn turistlərin sayı rekord həddə çatıb. Həmin il gündoğar ölkəyə 18 milyondan artıq turist səfərləri baş tutub.

T.Şimura ölkəsinə Azərbaycandan da turist səfərlərinin artmasında maraqlı olduğunu diqqətə çatdırdı. Eyni zamanda Yaponiyadan da Azərbaycana qarşılıqlı turist səfərlərinin artırılmasında birgə əməkdaşlığın gücləndirilməsi üçün çalışacaqlarını vurğuladı.

Tədbir Azərbaycan və Yaponiyanın turizm nümayəndələrinin iki ölkə arasında turist səfərlərinin artırılması istiqamətində müzakirələri ilə davam etdi. Qarşılıqlı maraq doğuran suallar cavablandırıldı.

Qeyd edək ki, Yaponiya turizm sənayesi nümayəndələrinin ölkəmizə səfəri oktyabrın 14-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin paytaxtımızla yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonları ilə də tanışlığı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti