...

Bilik Evləri olduğu kimi - Reportaj (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2016 13:57 (UTC +04:00)
Növbəti Bilik Evi İsmayıllıda açıldı.
Bilik Evləri olduğu kimi - Reportaj  (FOTO)

Bakı. Trend:

Növbəti Bilik Evi İsmayıllıda açıldı. İsmayıılı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə yeni Bilik Evi regional istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun potensialı, Bilik Evi üçün ayrılan binanın quruluşu və şəraiti, həm İsmayıllıda, həm də ətraf bölgələrdə yaşayan insanların istəkləri fəaliyyətin məhz regioanl xarakterli olmasını özündə etiva edir.
Oxucunun Bilik Fondunun potensialından xəbəri var, İsmayıllı Regional Bilik Evi üçün ayrılmış binanın şəkilləri onun əzəmətini, biliyin beşiyi olmağa yaraşdığını aydın göstərir. Qaldı biliklənmək istəyən insanların arzularının real təcəssümünə - onu da göstərmək peşəmdir.

Bilik Fondu yarandığı 2014-cü il mayın 7-si tarixindən hər addımında biliyin, vətənpərvərliyin, dövlətçiliyin tərənnümü, təbliği və təşviqatını fəaliyyətinin strategiyası elan edib. Məhz ölkənin birinci şəxsinin tövsiyə və tapşırıqlarına layiqincə əməl etmək Prezidentin yanında yaradılan Fondun sözün bütün mənalaraında borcudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikrini xatırladaq: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər". İstəyiniz istəyimiz, tapşırığınız məqsədimizdir, cənab Prezident.

İsmayıllıda Bilik Evinin hələ rəsmi açılışı olmamış, yerli nümayəndəliyə 85 ərizə daxil olub. Onlara xarici dillərdə danışmağı, peşə qabiliyyətləri, mütaliə vərdişləri, yaradıcılıq bacarıqları, ümumi dünyagörüşünə malik olmağın sirrlərini öyrətməyimizi xahiş edirlər. Artıq Bilik Fondunun rəhbərliyi hər qrupda 10 nəfər dinləyici olmaq şərti ilə ödənişsiz ingilis və rus dili kurslarının başlanması əmrini hazırlayıb. 9 aydan sonra daha 20 nəfəri qazanacağıq.
Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədovdan rayon gənclərinin dil öyrənməyə bu qədər həvəs göstərmələrinin səbəblərini soruşuram. Deyir ki, onların əksəriyyəti turistlərə Azərbaycan barədə məlumatı özləri vermək istəyirlər. Neçə gənc əcnəbi qonaqların yanında başqa şəhərlərimizdən tərcüməçilər olanda onlara xoş gəlmədiyini etiraf ediblər. Belə deyirlər: “Axı Bakıdan gələn tərcüməçi İsmayıllı barəsində bizdən yaxşı danışa bilməz”.

Dinləycilərdən birinin rus dili öyrənmək istəyinin qeyri-adi səbəbi var. Elçin müəllim adını çəkmir, amma həmin gəncin qardaşının bəhsinə düşdüyünü deyir. Qardaşı rus dilini yaxşı bilir və işdən sonra Rusiyanın televiziya kanallarından sərbəst filmlərə baxır. Onun kiçik qardaşı da film həvəskarıdır, sadəcə dili anlamır, böyük qardaşından soruşur; o, bir cavab verəndə iki susur, hətta kiçik qardaşını savadsızlıqda qınayır. Beləliklə, qınağa tuş gəlməyə son qoymaq arzusu ilə bizim qəhrəmanımız Bilik Evinin qapısını gəlib. Bilik qapısı həmişə açıqdır.

Hələ İsmayıllıda kurslar başlamayıb, yazdıqca yazıram. Əminik, 9 aydan sonra belə mətni kursun dinləyicilərinin özləri yazacaqlar. Biri rus dilində, biri ingilis, o biri Azərbaycan dilinin orijinal üslubunda...

Qax, Oğuz və Şəmkir Bilik Evlərində artıq ilk kurslar başa çatıb. İngilis, rus dillərini və kompyuter texnologiyalarını onlara seçilmiş yerli müəllimlər öyrədiblər. Dərslər fərqli biçimdə keçirilib. İk saatlıq təlimlərin son yarım saatı dinləyicilərə Azərbaycan haqqında ümümi bilgilərin verilməsinə həsr olunub. Əsasən multikulturalizmin Azərbaycan modeli, tolerantlığın xalqın gen yaddaşındakı rolu, bugünün daxili və xarici siyasətində birgəyaşıyış mədəniyyətinin süjet xətti təşkil etməsi kurs dinləyicilərinə həm öz ana dilimizdə, həm də xarici dildə ətraflı şəkildə çatdırılıb. Multikulturalizm hər dildə eyni mahiyyəti daşıyır, ona xalqların münasibəti fərqlidir. Əsasən inkişaf edildiyi iddia olunan Avropa və Qərb xalqlarının. Dərslərdə bu ayrıntılar detalları ilə öyrəncilərə çatdırılıb, onların dünyagörüşlərinin zənginləşməsinə səy göstərilib. Dinləyicilərlə söhbətimizdə təlimlərin ikinci mərhələsinə qoşulmaq istəyənlərin kifayət qədər olduğunu gördük. Daha təkmil öyrənmək məqsədləri var.

Oğuzda Bilik Evinin “Yaradıcılıq fakültəsi”ndə təlim keçən Bəxtiyar Həbibullayevlə söhbətləşirik. Hekayələr yazıb, şeirləri var. Özü rəqs müəllimidir. Şahmatda nəticələr göstərib, güləşçi kimi də tanınır. Yazmağı əsas işi hesab edir. Yaradıcılıq kursuna yazılandan və beş-altı dəfə dərsə gələndən sonra bilıb ki, şeirin də içində sözlərlə “rəqs etmək” olar, nəsrin də. Yetər ki, yazı məkanında özünə meydan tapasan. Yaradıcılığın incəliyini tanınmış yazıçı-publisist, şair Cəlil Cavanşirdən öyrənib. “Oxucu klubunda” kitablar oxuyub, müzakirə edərlərmiş, filmlərə baxıb, təəssüratlarını bölüşərlərmiş. Beləcə Bəxtiyar yazmağın qaydalarını dəqiqləşdirib. Rəqqas, şahmatçı, güləşçi həm də yazardırsa, hazır 3 obrazı var. Hekayəsində rəqqası, şahmatçını, güləşçini başqaları ilə müqayisədə daha dolğun yaradacaq. Buna baxmayaraq, Bilik Fondunun növbəti kursuna qatılmaqda israrlıdır. Elə yaradıcı adamın birinci uğuru doğrunu seçərək ona can atmasıdır. Maraqlıdır, ingilis, rus dilləri, kompyuter texnologiyaları üzrə kursların birinci mərhələsini bitirənlərin əksəriyyəti yeni dərs ilində adlarının “Yaradıcılıq fakültəsi”nın jurnalına yazılması arzusundadırlar. Onlar ən azı düşüncə etibarı ilə yaradıcıya çevriliblər. Kursların fəlsəfəsində dayanan amil bilikdirsə, biliyi tapmırlar, yaradırlar. Düşünürəm, yeridir, yazım. İsrailin mərhum prezidenti Şimon Peresin Ukraynada son məşhur çıxışı oldu. Deyirdi: “İsraildə su çatmırdı, biz anladıq ki, tapa bilməyəcəyik, ona görə ... suyu yaratdıq”. Su biliyə bərabərdir, hər şeyi ilə. Biri həyat mənbəyidirsə, o biri yaşamaq eliksiridir.

Xanımlara rəqs dərsi keçən Aytac Qurbanova Oğuzda açılan kursların yaradıcı adlananını seçməyib. Əlbəttə bilirsiz, xatırlatmaq xeyirdir. Yaradıcılıq təkcə yazmaq deyil, zarafatsız deyirəm, həm də pozmaqdır. Müasir müəllimlərin sözü olmasın: zarafatı zəngdə edərik, onu diqqətinizə çatdırıram: yaradıcılıq - bənnalıqdır, kulinariyadır, çilingərlikdir, elektriklikdir, bir sözlə, ərsəyə gətirdiyindir. Bizim Aytac xanımın seçimi rus dili kursu olub. Orta məktəbdə bu fənni keçməyiblər. Mütaliəyə meyillidir. Evlərində məşhur rus yazıçılarının kitabları çoxdur. And içim, inanın. Öz sözüdür: “Dostoyevskinin yanından keçəndə utanıram, o boyda dahiyə salam verməyə dilim yoxdur”. Razıyam, salamı təxminən hər dildə söyləməyi bacarırıq. Axı söhbət “zdravstvuyte” ilə bitmir. Söhbət “zdravstvuyte” ilə başlayır. Aytacın dili mənimsəməsindən müəllimi Gültəkin Rəhimova razıdır. Kursa yazılan və dərslərdə mütəmadi iştirak edən öyrəncilərin həvəsini xüsusi vurğulayan müəllimə həmçinin Turanə İsmayılovanı təriflədi. Turanə artıq oxuyur, eşidib anlayır, özü barəsində məlumat verir. Üz-üzə oturmuşuq, danışır, aksenti dinləyicini hərdən aldadır. Soruşmaya bilmirsən: “Sən doğrudanmı orta məktəbdə rus dili keçməmisən?”. Əvəzinə müəllimi cavab verir: “Vallah keçməyib”. Gülümsəyir. Müəllim gülümsəyirsə, tələbənin çöhrəsinə o gülüşün tam özü köçüb yerini elə rahatlayır ki, bilmirsən hansından hansına yayılıb.

Adını soruşuram. Ayseldir. Dayısıgil Rusiyanın paytaxtı Moskvada yaşayır. Artıq sərbəst yazışırlar. Əvvəllər hər sözü anasından soruşarmış.

Aynur Tahirova kursun açılması elanını Bilik Fondunun saytından oxuyub. İnamlıdır. Dərslərdən sonra kurs yoldaşları ilə rus dilində danışırlar. Əvvəllər onları ətrafdakılar eşitməsinlər deyə, pıçıldaşırmışlar. Aylar ötdükcə bu kompleks yoxa çıxıb. Günay üçün kurs düşərli olub. Çalışqanlığı onu iş tapmaqla hədiyyələndirib. Hazırda Kapital Bankın Oğuz rayon filialında işləyir.

Müəllimə Gültəkin xanım kursa qədər qızların evdən çölə çıxmadıqlarını, heç bir məşğuliyyətə malik olmadıqlarını vurğulayır. O danışır, dinləyicisi Leyla başı ilə təsdiqləyir. Səbəbini soruşuram. Leyla “gedəcək bir yerimiz yox idi” cavabını verir. “Kursu bitirdiniz, indi hara gedəcəksiz?” sualına verdiyi “v buduşeye” cavabı hamıda şən ovqat yaradır.
Xanımlarla direktorun iş kabinetində söhbətləşirik. Bilik Fondunun Oğuz rayon nümayəndəsi, E.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Anar Məcidov yaşadığ bölgənin abu-havasında qeyri-ənənvi dinlərdəki çalarların mövcudluğundan söz açır. Gənclərin bilik kurslarına cəlb olunmasının bu baxımdan üstünlüklərini sadalayır. Birini yazmaq kifayətdir: kurslara qatılan gənclər mütləq və mütləq radikalizmdən uzaqlaşırlar. Bilik ona tapınanlara aqressiya aşılamır. Radikallıq biliklə tərs mütanasibdir.

Yəqin təsadüfdür. Oğuzda və Qaxda həmsöhbət olduğum bilik dostlarımın hamısı xanımlar idi. Yox, kurslarda bəylər də var. Sadəcə, onları əsasən şənbə-bazar günləri görmək mümkündür. İşləyirlər, aralarında kursun xeyrini görənlər az deyil. Hələ Oğuzdan çıxım, sizə onlardan bir neçəsinin adını çəkəcəyəm.

Sonuncu müsahibim Aygün Bayraməliyeva olur. Təqdimat üçün bir cümlə yetər. Aygün xanım "İngilis dili" kursuna yazılıb. Cədvəlini elə qurub ki, eyni zamanda kompyuter texnologiyaları üzrə kursa qoşulub. Öz sözüdür: “İngilis dilini bilib, kompyuteri öyrənmədinsə, yeriyə bidiyin halda əsaya söykənmiş kimisən”.

Fürsətdən istifadə edib Oğuzda yuxarı sinif şagirdləri ilə söhbətləşdim. Çox şeydən danışdım. Zəng içəri vurulanda - növbəti dərsin başlandığını göstərəndə 3-cü dərsi “pozduğumuz” məlum oldu. Demokratuyada çarə tükənməz. Fənn müəllimi sinifə daxil oldu, daha uşaqlar fənn kabinetinə gedəsi olmadılar. Bir 45 dəqiqə də dinləyiciyə çevrildim.
Qax Bilik Evindəyəm. Oğuz Bilik Evi məktəbin nəzdində, girişi ayrı olan məkanda yerləşirsə, Qax Bilik Evinin ayrıca binası var. İkinci mərtəbədə rayonun Uşaq yaradıcılıq evi fəaliyyət göstərir. Geniş və səliqəli həyəti olan binanın, akt zalında Əmbərçay kənd ümumi orta məktəbinin direktoru, Bilik Fondunun yerli nümayəndəsi Rövşən Hədisov öyrənciləri təqdim edir. Gülümsəyirəm, yenə xanımlardır. Əslində üstünlük sayılmalıdır. Kişilər qadınlarla müqayisədə hər yerdə var. Bərabərləşmək gözəldir. Bu mənzərə ilə Oğuzda rastlaşanda eşitdiyim və yadımda təxminən qalan ibrətli kekayəni danışmaq istədim. Sonra Qaxa qalsın deyə, qərar verdim. Qaxda danışaram, Bakıda yazaram, Oğuzda da oxuyarlar. Hələlik qızlarımızı danışdıraq.

Nəzirli İnci və Aytac Feyzullayeva. Hər ikisi rayonun orta ixtisas musiqi məktəbində dərs deyirlər. İncinin fikri hələ qulaqlarımdadır. “Rus əsərlərini ifa edəsən, amma o əsərlərin müəllifi haqqında dolğun məlumat almayasan, saxtakarlıqdır”. Aytacın əlavəsi lap musiqidir. Sanki demir, pianinonun bimol dillərində çalır: “Rus haqqında Azərbaycan dilində oxumazlar. Elə azərbaycanlı barəsində də eynən. Hər kəs özünü öz dilində daha yaxşı göstərə bilir”.
Öyrəncilər arasında işləyərək oxuyanlar var. Fatma Yusifova Bakı Kompyuter Kollecində qiyabi təhsil alır. Sonuncu kursdadır. Qiyabi formada hərtərəfli biliyə yiyələnmək çətindir. Qaxdakı “Kompyuter texnologiyası” kursu göydən düşmə olub. 9 ay 4 ildən uzun imiş. Bir daha sübut olunur: dəqiq elm, riyaziyyat deyil, ədəbiyyatdır. Yalnız ədəbi məntiqlə 4 il 9 aydan qısa olur. Ədəbiyyatda proses, riyaziyyatda nəticə maraqlıdır. Nəticədə İlahə xanım kompyuter proqramçısı diplomunu alır, ancaq proses onu proqramçı edir.

Əmbərçay kənd ümumi orta məktəbində uşaq təşkilatının rəhbəri kurs iştirakçılarının arasındadır. Məsuliyyətin böyüklüyü ilə şəxsi nümunənin sintezi uğurun özüdür. Uşaqlar məsuliyyətli və şəxsi nümunə göstərən müdirə hansı sualı ünvanlasalar, cavabsız qalmaz.
Qax rayonu Mərkəzi Kitabxanasının müdir müavini Ahidə Əfəndiyeva bir kəlmə danışdı: “Kitabxanaçı birinci növbədə dil bilməlidir”.

İndi yazacağımı başqası yazsaydı, inanmazdım. Siz inanın, iki gün yollarda qalmışam, yalan danışmaq idisə heç getməz, qələmi virtualda ora-bura sürərdim. Bilik həyatdır, həyatsa birdir, o da realda. Reallığı deyirəm: Tünzalə Mehrabova orta məktəbin aşağı sinif şagirdlərinin alman-ingilis dili müəllimidir. O həm də bilavasitə kursun ingilis dili bölməsinin öyrəncisidir. Bilik Fondunun açdığı kursların əhəmiyyətini bu hadisədən dəqiq ştrixləyən ikincisini tapmaq istəyən olsa, bax virtual onda köməyə çata. Virtual şişirtmək üçün münbit yerdir.

Qaxdan xoş xəbərlə çıxaq. İngilis dili kursunun iştirakçısı – Şəbnəm Hüryanova. Lap tarixini yazım. 7 ay 25 gündən sonra Şəkidə Ağır Cinayətlər üzrə Məhkəmənin şöbə müdiriliyinə dəvət olunur. Kursda oxuya-oxuya iş üçün müraciət edib. İndi o şöbənin müdiridir. Rövşən müəllimin icazəsi ilə mobil nömrəsinə zəng açıram. Təbrikdən dərhal sonra soruşuram: “CV göndərəndə özünüzə bu qədər əmin idiniz?”. Cavab verir: “Dərslər başlayandan iki ay sonra öyrənəcəyimi yəqinləşdirdim”. Bəli iki ay sonra, öyrənci tutduğu xəttin yuxarı doğru irəlilədiyini görür.

Bilik Fondu bir elanla 8 gənc oğlana avtomobil elektrikliyi peşəsini aşılayıb. Kurs xarici avtomobillərin elektriki ixtisasları üzrə Bakıda “Auto Azerbaijan” şirkətində təşkil olunub. Kursdan sonra işləyənlərin adını çəkirəm: Neymətzadə Neymət Qax, Taleh Ağayev Baləkən şəhərində servislərdə çalışırlar. İsa Şabanov bir müddət şəyird olub, indi müstəqil ustalıq fəaliyyətinə hazırlaşır.

Talehin 24 yaşı var, taleyindən razıdır. Uşaqlıqda müxtəlif dəmir konstruksiyalardan maşınlar düzəldirmiş. "Bircə işıqlarını yaxşı qura bilmirdim, hey deyinir, böyüyəndə elektrik olacağımı bu işi öyrənəcəyimi deyirdim" - bu Talehin xatırlatmasıdır. Elanı oxuyub, eynən belə deyir: "Gözlərimə işıq gəldi". Kursdan sonra müstəqil olaraq, elektrik sistemini düzəltdiyi ilk maşının nömrəsini heç vaxt unutmayacağını söyləyir. Neymət artıq ətrafda tanınır. Deyir ki, nəsə qeyri-adi bacarıq göstərmək istəyir. Məsləhət görürəm ki, bu sahəyə aid, xüsusilə də rus dilində, yaxşı kitablar var. Simasında dəyişiklik hiss edirəm. Anlayışla qarşılayıb, Qax Bilik Evində açılan "Rus dili" kursunun ünvanını yazıb ona verirəm. Ödənişsiz olduğunu biləndə sevinir.

Bilik Fondunun müqavilə bağladığı şirkət İsaya Bakıda qalmağı təklif edib. Əvvəl razılşamaq istəyib, sonra düşünüb ki, öz rayonunda - Balakəndə daha çox iş var. Sahibi olduğu sexin genişləndirmə planını hazırlayıb. "Yenə hansısa mövzuda dəstəyinizə arxalana bilərəmmi?" - soruşur. Cavab bir kəlmədir: "Əlbəttə!"

Yol hazırlaşmaqdan başlayır, üstündəki iz ilə tanınır. Şəmkir Bilik evindəki kursların izinə ayrı təmtaraqla düşəcəyik. Bilik Fondunun Şəmkir Bilik Evinin rəhbəri, millət vəkili Sona Əliyevanın həyata keçirdiyi işlər o qədər şəxaəlidir ki, gərək ayrıca yazılsın. Nardaran Bilik Evində kurslarımızı yeni açmışıq. İsmayıllı Regional Bilik Evində həmçinin. Hələlik bu sitiqamətdə susmağa sözümüz var. Susandan sonra danışdıqların daha dəqiq olur.
... O qadın əlində kitab, gözlərinin qarasnı sağa-sola aparan cümlələrin ardınca düşüb, ləpələrin gölün ortasına apardığı qayığın içərisində oturub susmuşdu. Su polisi xanıma yaxınlaşaraq, onu qanunsuz balıq ovlamaqda ittiham edir. Qadın susaraq, dinləyir. Polis ittihamlarını yağışa döndərib: “Məni görüb tilovu suya atdın”. Bu yağış adamı yandırar. Qadınsa təmkinlidir - əlində kitab var. Deyir: “Kitab oxuyan xanımla mübahisə etməzlər”.
Oğuzda danışmaq istədiyim ibrətli hekayəni Qaxda söylədim. Ardınca kişiləri də unutmadım. Bax o polis kitab oxusaydı, bilərdi ki, kitab oxuyan xanımla mübahisə etməzlər. Kitab oxuyan yalan danışmaz, oğurluq etməz, başqasını incitməz.

Bakıya qayıdıram. Qaxdan “Şamaxinka”ya qədər yola iki sürət hökm kəsilib – 60, 90. Deyinirəm: magistralın çöllü-biyabanında niyə 110 olmasın? İlkin qənaətim: polislərdən soruşmaq. İkinci qənaətim: bəlkə özümüz tapaq, polisə əziyyət verməyək. Qaydalar, qanunlar var. Oxuyaq, 60-la 90-nın sirrini öyrənək. Üçüncü qənaətə gələnə qədər artıq çatmışdım.

Hər kəsin getdiyi hədəfə çatması arzusu ilə yazıya imzamı qoyub susmağa gedirəm.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti