...

"Nardaran işi" məhkəməsində "ayaqqabı davası" (YENİLƏNİB-2)

Cəmiyyət Materials 14 Oktyabr 2016 18:50 (UTC +04:00)
Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
"Nardaran işi" məhkəməsində "ayaqqabı davası" (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:02-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verərək bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşısına toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib: "Hadisə yerinə getdik. 100-150 nəfər olardı. Onlar Elçin Qasımovun azad edilməsi üçün şüarlar səsləndirirdilər. Daş parçaları atırdılar. Heç bir xəsarət almamışam".

İdarənin digər əməkdaşı Anar İbrahimov isə hadisə nəticəsində xəsarət aldığını bildirib: "Hadisə yerində 140-150 nəfər olardı. Ərazidə daş yox idi. Daşı onlar özləri ilə gətirmişdilər. Ratsiya və dəyənəyimi itirdim. Mənə daş dəydi".

Günün ikinci yarısında davam edən prosesdə ifadə verən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşı İbrahim Kazımov təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

İ.Kazımov ifadə verən zaman T.Bağırovun tərəfdarları prosesdə səs-küy salıblar. Həm həbsdə olanlar, həm də zalda onlar "Allahu Əkbər" deyərək qışqırıblar. Məhkumlardan biri şahidə ayaqqabı atıb.

Proses oktyabrın 17-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti