...

Səhiyyə Nazirliyindən dərmanlarla bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 14 Oktyabr 2016 13:28 (UTC +04:00)
İstifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edildi.
Səhiyyə Nazirliyindən dərmanlarla bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

İstifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edildi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzinin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət etməkdir. Bu məqsədə nail olmaq üçün Analitik Ekspertiza Mərkəzi bütün səylərini bərqərar edir və yalnız təminatını deyil, əhalinin dərman vasitələrindən düzgün istifadəsini də təşkil etmək üçün bir sıra addımlar atır. Bu mühüm addımlar sırasında respublikamızın ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi təqdirəlayiqdir. Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli, 208-IIIQ nömrəli Qanuna əsaslanır. Həmin qanunda istifadə təlimatının (içlik) azərbaycan dilində olması zəruriliyi öz əksini tapır.

İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Dərman vasitəsinin düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdən biridir. Həmçinin, istifadə təlimatı dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsi, farmakonəzarətin həyata keçirilməsində əhəmiyyətli rola malikdir. Belə ki, məlum olduğu kimi istehlakçılar üçün nəzərdə tutulan istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi və digər bu kimi məlumatları əks etdirir. Bununla yanaşı içlik vərəqəsində dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb olunan şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar bildirilir.

Farmakonəzarət vasitəsilə istifadə təlimatında qeyd edilməyən əlavə təsirlər və s. aşkar olunur və daha sonra həmin əlavə təsirlərin təlimatda öz əksini tapmasını təmin edir. Həmçinin Azərbaycan Konstitusiyasına görə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, vətəndaşların isə Azərbaycan dilində istifadə təlimatları ilə təmin olunmaları onların konstitusion hüquqlarından irəli gəlir. Bu səbəbdən istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib. Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də Mərkəzin rəsmi saytı və "facebook" səhifəsində də yerləşdirilib. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib. Mərkəzin fəaliyyəti Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tarif Şurası və digər aidiyyəti dövlət qurumları və özəl təşkilatlarla sıx əlaqəli şəkildə qurulur və əczaçılıq sektoruna aid bütün proseslər daim Analitik Ekspertiza Mərkəzinin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti