...

"Nardaran işi"ndə ifadə: "Polis əməkdaşlarına daş atırdılar"

Cəmiyyət Materials 19 Oktyabr 2016 18:07 (UTC +04:00)
Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
"Nardaran işi"ndə ifadə: "Polis əməkdaşlarına daş atırdılar"

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Cəsarət Məhərrəmov ifadə verib. O, idarənin qarşısında ötən ilin noyabrın 5-də keçirilən aksiyadan danışıb.

Daha sonra Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin sabiq əməkdaşı, hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşı olan Ağamir İbrahimov ifadə verib. O bildirib ki, bir qrup şəxs ötən il noyabrın 5-də asayişi pozmağa cəhd edib: "Onlar polis əməkdaşlarına daş atırdılar. Həmin daşdan biri də mənə dəyib".

A.İbrahimov həbs olunan Nardaran sakinlərinə işgəncə verilmədiyini deyib.

Proses oktyabrın 21-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti