...

Bilik Fondundan balaca oxuculara hədiyyə (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2016 16:13 (UTC +04:00)
Prezident yanında Bilik Fondunda bu qurumda istehsalat təcrübəsi keçən tələbələrin ingilis dilinə tərcümə etdikləri "Nağıllar" toplusunun təqdimatı keçirilib.
Bilik Fondundan balaca oxuculara hədiyyə   (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondunda bu qurumda istehsalat təcrübəsi keçən tələbələrin ingilis dilinə tərcümə etdikləri "Nağıllar" toplusunun təqdimatı keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qurumun təşəbbüsü və dəstəyi ilə dərc olunan jurnalda nağıllara çəkilən illüstrasiyaların müəllifləri Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarıdır.

Təqdimat mərasimində uşaq yazarı Sevinc Nuruqızı, Dövlət Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Firudin bəy Köçərli adına Dövlət Uşaq Kitabxanasının əməkdaşları, təcrübəçi tələbələrin təhsil aldıqları Dövlət Dillər Universitetinin, Avrasiya Universitetinin müəllimləri, Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq Fondun uşaqlar, yeniyetmə və gənclər arasında apardığı maarifləndirici işlərdən bəhs edib. Yenicə çapdan çıxmış “Nağıllar” jurnalının ingilis dilini öyrənmək istəyən gənclərin kitabxanasında xüsusi yer tutacağına əminliyini ifadə edib. Məqsəd xalq yaradıcılığının məhsulu olan nağıllarla əcnəbiləri daha yaxından tanış etmək, ingilis dilini öyrənmək istəyən azyaşlı oxuculara mütaliə üçün töhfə verməkdir.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova bildirib ki, bu, tələbələrlə məktəblilərin birgə əməyinin bəhrəsi olan ilk belə dərgidir. Jurnaldan orta məktəblərdə, ingilis dili kurslarında dərs vəsaiti kimi yararlanmaq olar. Nəşrin Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı Bilik evlərinə göndərilməsi, ölkədə fəaliyyət göstərən uşaq kitabxanalarına, bir sıra məktəblərə paylanması nəzərdə tutulub.

Uşaq yazarı Sevinc Nuruqızı, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva, dərginin redaktoru Nuriyə Allahverdiyeva, tərtibatçı rəssamı Gilan Əzizxanlı çıxış edərək Bilik Fondunun bu ideyasının təqdirəlayiq olduğunu dilə gətiriblər, belə bir jurnalın nəşr olunmasını yeniyetmə və gənclərə böyük qayğı və stimul kimi dəyərləndiriblər. Belə layihələrin davamlı olmasını arzulayan tədbir iştirakçıları yeni təkliflərlə çıxış ediblər.

Sonda tərcüməçilərə və balaca rəssamlara Fondun təşəkkürnamələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti