...

Səlim Müslümov Qobustanda 5 rayonun sakinlərini qəbul edib (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2016 12:11 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Səlim Müslümov Qobustanda 5 rayonun sakinlərini qəbul edib  (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətlərində dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması və s. məsələlər əksini tapıb. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli sərəncamının icrası işlərinin davamı olaraq, cari ilin ötən dövründə respublikanın ayrı-ayrı bölgələrində 123 fərdi evin və 118 mənzilin istifadəyə verildiyini, ümumilikdə 241 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Cari ildə Göyçay və Şamaxı rayonlarında da 3 fərdi ev istifadəyə verilib. Bu beş rayon üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 15 fərdi ev tikilir ki, onlardan əksəriyyətində son tamamlama işləri aparılır. Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış binası inşa olunur. Qarşıdakı dövrdə də bu rayonlarda yeni fərdi evlərin tikintisi planlaşdırılır”.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin bir qisminin həlli ilə bağlı nazirin tapşırığına uyğun olaraq yerindəcə müvafiq tədbirlər görülüb. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri barədə məlumatlar verilib və onlar seçdikləri iş yerlərinə göndərişlə təmin olunublar. S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən cari ildə aktiv məşğulluq tədbirlərinin bütün ölkə üzrə, o cümlədən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da gücləndirildiyini qeyd edib: “Cari ilin 9 ayında məşğulluq orqanlarının xətti ilə bu rayonlar üzrə 2933 nəfər vətəndaş münasib işlərlə, 102 nəfər vətəndaş ödənişli ictimai işlərlə təmin edilib, 445 nəfər vətəndaş isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının praktik icrası işlərinin Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da davam etdirildiyini diqqətə çatdırıb: “Hazırda sakinlərini qəbul etdiyimiz bu beş rayon üzrə 80 nəfərdən çox işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramı üzrə təlim kursları keçirlər. Bu kursları bitirdikdən sonra həmin şəxslərdən uğurlu biznes-planlara sahib olan vətəndaşlar müvafiq Komissiya tərəfindən müəyyən ediləcək və onların özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər görüləcək”.

Müraciət edənlərdən bir qismi bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər.

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, sosial cəhətdən həssas əhali qruplarından olan insanlara dövlət qayğısının artırılmasına, işsiz və işaxtaran vətəndaşlar üçün aktiv məşğulluq proqramlarının həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti