...

FHN əməkdaşı: "Şüşələri sındırdıq ki, tüstü çölə çıxsın"

Cəmiyyət Materials 27 Oktyabr 2016 17:50 (UTC +04:00)
Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FHN əməkdaşı: "Şüşələri sındırdıq ki, tüstü çölə çıxsın"

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O, hadisə vaxtı Bakıda olmadığını, qardaşının ona məlumat verdiyini bildirib.

Şahid qismində Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı Elçin Əbilov isə ifadəsi zamanı bildirib ki, hadisə baş verən günü yanğınla bağlı həyəcan siqnalı alıblar: "Binanın şüşələri qalın idi. Şüşələri sındırdıq ki, tüstü çölə çıxsın. Hadisə vaxtı alov bütün binanı bürümüşdü. Partlayış səsi isə eşitməmişəm".

Prosesdə vəkillər şahidə suallar veriblər. Hakim Əfqan Hacıyev isə təqsirləndirilən M.Mahmudovun vəkili İhamə Həsənovaya təkrar suallar verdiyini bildirərək, ona xəbərdarlıq edib. Digər vəkillər də mübahisəyə qarışıb. Bu zaman hakimlərlə vəkillər arasında mübahisə olub.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti