...

İran Azərbaycanla əmək və sosial təminat sistemində təcrübə mübadiləsinə önəm verir (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 14:23 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əmək, Məşğulluq və Sosial Təminat Departamentinin rəisi Mirəhəd Hüseyni ilə görüş olub.
İran Azərbaycanla əmək və sosial təminat sistemində təcrübə mübadiləsinə önəm verir  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əmək, Məşğulluq və Sosial Təminat Departamentinin rəisi Mirəhəd Hüseyni ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə dinamik inkişafın təmin edilməsi yönündə qazanılan nailiyyətləri diqqətə çatdırıb, milli əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirildiyini vurğulayıb. F.Əlizadə Azərbaycanın əmək qanunvericiliyi, vətəndaşların və həmçinin respublikamızda əmək fəaliyyəti göstərən xarici ölkə vətəndaşlarının əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib.

Xidmət rəisi son illərdə tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən bəhs edib. 2014-cü ilin iyul ayından tətbiq olunan bu sistemin əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə şərait yaratdığı, işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşdırdığı vurğulanıb. Qeyd olunub ki, nazirliyin digər avtomatlaşdırılmış sistemləri ilə yanaşı, BMT-nin portalında yerləşdirilərək uğurlu təcrübə kimi təbliğ olunan bu elektron sistemdən cari ilin 1 oktyabr tarixinə qədər 6 031 782 dəfə istifadə edilib. Əhalinin məşğulluq imkanlarının artırılması, o cümlədən şəhər və kənd yerlərində əmək resurslarından səmərəli istifadənin təmin olunması, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, sosial təminat sisteminin gücləndirilməsi sahələrində görülən işlər və nəticələri barədə də ətraflı məlumatlar verilib.

M.Hüseyni ölkəmizdə əmək və sosial təminat sisteminin müasir innovasiyalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlara, xüsusən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə, ölkəmizdə icra edilən aktiv əmək bazarı proqramlarına dair məlumatların onda maraq doğurduğunu vurğulayıb. O öz növbəsində rəhbərlik etdiyi departamentin iş təcrübəsi, əmək hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. M.Hüseyni müvafiq sahələrdə təcrübə və məlumat, həmçinin mütəxəssis mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib.

Görüşdə əmək və sosial təminat sahəsində islahatlarla bağlı təcrübə və məlumat mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti