...

Suraxanıda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Cəmiyyət Materials 28 Oktyabr 2016 09:31 (UTC +04:00)
Suraxanı Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə dini ekstremizmə qarşı mübarizə istiqamətində növbəti maarifləndirmə tədbiri keçirib.
Suraxanıda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Bakı. Trend:

Suraxanı Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə dini ekstremizmə qarşı mübarizə istiqamətində növbəti maarifləndirmə tədbiri keçirib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər. Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, müstəqilliyini yenidən əldə etdikdən sonra respublikamızda vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib. Azərbaycan özünün dünyəvi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalıb, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür. Qeyd edilib ki, hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bir bəlaya çevrilməkdədir. Bunun qarşısını vaxtında almaq ən vacib məsələlərdən biridir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. O, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib. Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitin təməlində Azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər.

Tədbir iştirakçılarına müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti