...

Allahşükür Paşazadə İspaniyaya səfər edəcək

Cəmiyyət Materials 4 Noyabr 2016 10:45 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya səfərə yola düşür.
Allahşükür Paşazadə İspaniyaya səfər edəcək

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya səfərə yola düşür.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər İspaniyanın Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

A.Paşazadə Madrid və Mursiyada müvafiq olaraq 8-10 noyabr tarixlərində keçiriləcək "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş "Multikulturalizm ili" çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur.

İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi əməkdaşlıq və əlaqələr üzrə Baş direktorunun dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya arxiyepiskopu Kardinal Antonio Kanizares və digər yuksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri iştirak edəcəklər.

İspaniyada keçirilən konfranslarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da iştirak edəcəklər.

İspaniyanın dini liderlərinə, ümumilikdə İspaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunan bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə bərabər, ənənəvi dini konfessiya başçıları — Rusiya Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.

A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə konfranslarda məruzə edəcəkdir.

İspaniya Krallığına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya parlamentinin rəhbərliyi, ədliyyə, təhsil, mədəniyyət və idman nazirləri, habelə digər tanınmış ictimai-siyasi xadimlərlə görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti