...

"Heydər Əliyev və Azərbaycan tarixi" III ümumrespublika bilik yarışı keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Noyabr 2016 17:28 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" adlı III ümumrespublika bilik yarışı keçirilib.
"Heydər Əliyev və Azərbaycan tarixi" III ümumrespublika bilik yarışı keçirilib (FOTO/VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" adlı III ümumrespublika bilik yarışı keçirilib.

Trend-in məlumatına görə, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər.

Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandası iştirak edir.

Yarışın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən A.Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu qeyd edib. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələ olub.

A.Ələkbərov əlavə edib ki, Heydər Əliyev Mərkəzi bu günədək ümumilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, araşdırılması istiqamətində bir sıra layihələr həyata keçirib. “Çox sevindirici haldır ki, bu bilik yarışına hazırlıq dövründə gənclər bizim Muzeyin, bizim yaratdığımız kitabxananın imkanlarından istifadə edirlər. Ona görə ki, Heydər Əliyev Mərkəzi hər biriniz üçün yaradılıbdır, Heydər Əliyev Mərkəzinin tədbirləri məhz sizin tədbirlərdir. Bilirsiniz ki, Heydər Əliyev Mərkəzində müxtəlif konfranslar, dəyirmi masalar keçirilir. Heydər Əliyev Mərkəzində beynəlxalq miqyasda məşhur olan heykəltəraşların, rəssamların sərgiləri təşkil olunur. Sizi bu tədbirlərdə fəal olmağa, Heydər Əliyev mərkəzinin yaratdığı imkanlardan maksimum istifadə etməyə dəvət edirəm.”

A.Ələkbərov bilik yarışının Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini qeyd edərək, Azərbaycan xalqını və komandaların üzvlərini bayram münasibətilə təbrik edib. Mərkəz direktoru xatırladıb ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Sovetində, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci ildə isə müstəqil Azərbaycan respublikasının dövlət bayrağı elan edilib. A.Ələkbərov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu, 2007-ci ildən isə Dövlət Bayrağı Meydanının yaradılmasına başlanıldığını bildirib: "Bu gün həmin meydan həm Azərbaycanın gözəl guşələrindən biri, həm də hər bir azərbaycanlının qürur yeridir".

Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycan təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun əvəzedilməz rolu var: "Məhz bu fəaliyyətin nəticəsidir ki, 2 il əvvəl pilot olaraq, bir neçə məktəbdə icrasına başlanılan məktəbəqədər təhsil layihəsi artıq bütün dövlət ümumtəhsil müəssisələrində həyata keçirilir".

Artıq 3-cü ildir ki, Heydər Əliyev Mərkəzi ilə birgə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışını həyata keçirdiklərini deyən M.Cabbarov Azərbaycan tarixində Heydər Əliyevin xüsusi rolunun olduğunu da qeyd edib.

Nazir belə yarışların gənclərin öz karyeralarında uğur qazanmasına kömək etdiyini söyləyib: "Ötən illərdəki yarışlar çox ədalətli və gərgin keçib. Əminəm ki, bu il də belə yarışmanın şahidi olacağıq. İnanıram ki, oyunun formatı hər bir tələbəyə onun sonrakı həyatında uğur qazanmasına kömək edən zəruri keyfiyyətləri üzə çıxarmağa kömək edir. Arzu edərdim ki, ən güclü və ən layiqli gənclər qalib gəlsinlər".

Çıxışlardan sonra "Heydər Əliyev və Azərbaycan tarixi" adlı III ümumrespublika bilik yarışı başlayıb. Yarışda iştirak edən 42 ali məktəb komandasının hər birində 6 əsas və 2 ehtiyat iştirakçı olub. 3 turda keçirilən yarışın hər turunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Qeyd edək ki, yarışa hazırlıq məqsədilə bütün komandaların oktyabrın 31-dən noyabrın 5-dək Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

Qalib komandalar 3 tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Yarışda 1-ci yeri Azərbaycan Dövlət İqtisad Universiteti, 2-ci yeri Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyası, 3-cü yeri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası tutub. Qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı 2014-cü ildən keçirilir. Birinci yarışda Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universiteti, 2015-ci ildə keçirilmiş ikinci yarışda isə Qafqaz Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Lənkəran Dövlət Universitetinin komandaları qalib olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti